Moldovanın keçmiş xarici işlər naziri BMT baş katibi vəzifəsinə iddialıdır

Moldovanın keçmiş xarici işlər naziri BMT baş katibi vəzifəsinə iddialıdır
# 22 fevral 2016 11:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Moldovanın sabiq baş nazir müavini və xarici işlər, Avropa inteqrasiyası naziri Natalya Germanın BMT-nin baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin mətbuatla əlaqələr bürosundan verilən məlumatda deyilir.

“Natalya German müstəsna keyfiyyətləri olan diplomatdır, onun liderlik bacarıqları həm milli, həm də beynəlxalq səviyyədə məlumdur”, - deyə Moldova hökuməti adından BMT-yə ünvanlanan məktubda qeyd edilir.

N. German qeydiyyata alınan 6-cı namizəd olub. Digər namizədlər arasında UNESCO-nun baş direktoru və Bolqarıstanın sabiq xarici işlər naziri İrina Bokova, Sloveniyanın sabiq prezidenti Danilo Türk, Monteneqro və Xorvatiyanın xarici işlər nazirləri, habelə Makedoniyanın sabiq xarici işlər naziri Sdrjan Kerim var.

Bəzi məlumatlara görə, növbəti baş katib vəzifəsinə Mərkəzi və Şərqi Avropa ölkələrindən qadın namizədin seçiləcəyi ilə bağlı BMT daxilində gizli razılaşma mövcuddur.

BMT baş katibi vəzifəsinə seçkilərlə bağlı kampaniya 2015-ci ilin dekabrından başlayıb. Namizədlərin nəzərdən keçirilməsinə isə Təhlükəsizlik Şurası 2016-cı ilin iyulundan gec olmayaraq başlayacaq.

Pan Gi Munun xələfi 2017-ci il yanvarın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR