Sahib Ələkbərov: "Vergi borclarının təxminən yarısı dövlət sektoruna aiddir"

Sahib Ələkbərov: "Vergi borclarının təxminən yarısı dövlət sektoruna aiddir"
# 10 fevral 2016 10:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvarın 1-ə Azərbaycanda vergi borclarının məbləği təxminən 2,4 milyard manat təşkil edir. "APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavinin sözlərinə görə, bu məbləğin təxminən yarısı dövlət, digər yarısı isə özəl sektora aiddir: "Vergi borclarının alınması üçün vergi orqanları müvafiq tədbirlər görür. Bu tədbirlər nəticəsində biz borcların azalmasına nail olacağıq. Vergi borclarının ödənilməsi ilə bağlı könüllülük səviyyəsi artmaqdadır. Bu gün könüllülük səviyyəsi təxminən 70% civarındadır. Amma vergi orqanlarının xətti ilə büdcə daxilolmalarının təxminən 30%-i borca çevrilir və müvafiq tədbirlər görüldükdən sonra dövlət büdcəsinə ödənilir. Biz çox istərdik bu səviyyə azalsın və könüllü ödəmə səviyyəsi artsın".

S. Ələkbərov bildirib ki, vergiləri hesablamaq və dövlət büdcəsinə ödəmək vergi ödəyicisinin borcudur: "Bunu vergi ödəyicisi özü eləməlidir. Amma bu işlərə nəzarət eləmək vergi orqanlarının vəzifəsidir. Təbii ki, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da vergidən yayınma halları var. Bununla bağlı vergi orqanları tərəfindən çox ciddi tədbirlər görülür. Təkcə şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması məsələsinə baxsaq, ötən ilin dekabr ayında əvvəlki 11 ayla müqayisədə büdcəyə vergi daxilolmaları iki dəfə çox olub. Burada əsas məqsəd maarifləndirmə işini aparmaq, bizim şou-biznes nümayəndələrini maarifləndirməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR