Azərbaycan və Argentina arasında saziş imzalanıb - FOTOSESSİYA

Azərbaycan və Argentina arasında saziş imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 sentyabr 2015 15:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sentyabrın 22-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Argentinanın xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Argentina əlaqələrinin uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlərin, Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə İşçi Qrupunun fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Nazir ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrini, mövcud əməkdaşlıq layihələrini qeyd edərək kənd təsərrüfatı, sənayenin əczaçılıq, neft-kimya sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə iqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı, ölkəmizdə iş adamları üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistanın işğalçılıq siyasətinin regionun inkişafına başlıca maneə olduğu bir daha diqqətə çatdırılıb. Ş.Mustafayev bəzi Argentina şirkətlərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinin qarşısının alınması üçün Argentina hökuməti tərəfindən müvafiq tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

E. Zuain əlaqələrin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini bildirib. O, gələn il növbəti iclası keçiriləcək Azərbaycan-Argentina İşçi Qrupunun əlaqələrin inkişafında əhəmiyyətini və iclas çərçivəsində iş adamlarının görüşünün təşkilinin önəmini vurğulayıb. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edən nazir müavini əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Ş.Mustafayev və E. Zuain imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR