Nazir: "Bəzi icra hakimiyyətləri yanğına davamlı olmayan materiallardan binaların əsaslı təmirində istifadə ediblər"

Nazir: "Bəzi icra hakimiyyətləri yanğına davamlı olmayan materiallardan binaların əsaslı təmirində istifadə ediblər"
# 16 dekabr 2015 12:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Dünyada gedən prosseslər, baş verən siyasi qarşıdurmalar hərbi gücün artırılması ilə bərabər fövqəladə halların yüksək səviyyədə idarə olunmasını tələb edir və ölkələrdə belə qurumlar yaradılır”.

APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş Kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov söyləyib.

K. Heydərov deyib ki, nazirliyin fəaliyyəti dövründə çoxlu sayda insan xilas edilib, yüzlərlə sularda boğulma hallarının qarşısı alınıb. Nazir bu sahədə olan işlərin gücləndirilməsinin zəruriliyi barədə də danışıb: “Nazirliyin müvafiq qurumunun əməkdaşları nəzarəti gücləndirməlidir. İnsanların nəzarətsiz yerlərdə dənizə girməsinin qarşısını almaq üçün məlumatlandırma işləri davam etdirilməlidir".

K. Heydərov qeyd edib ki, nazirliyin əməkdaşları fövqəladə hadisələr, yanğınlar zamanı öz həyatlarını da riskə ataraq, insanları xilas ediblər: "Məsələn, Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın zamanı yanğınsöndürənlər səhhətlərini, ölümlərini gözləri qarşısına alaraq çoxlu sayda insanı xilas elədilər. Təəssüflər olsun ki, yanğında 16 nəfər həyatını itirdi".

K. Heydərov bildirib ki, nazirliyin müvafiq qurumları dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinə xəbərdarlıq məktubları göndərib: "Çox təəssüf ki, bəzi rayon və şəhər icra hakimiyyətləri xəbərdarlıqlara baxmayaraq, abadlıq işləri adı altında yanğına davamlı olmayan materiallardan binaların əsaslı təmirində istifadə ediblər. Bu, aparılan istintaq zamanı da üzə çıxdı ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR