Braziliya parlamenti prezidentə qarşı ittiham irəli sürülməsinin əleyhinə səs verib

Braziliya parlamenti prezidentə qarşı ittiham irəli sürülməsinin əleyhinə səs verib
# 26 oktyabr 2017 01:12 (UTC +04:00)

Braziliya parlamentinin aşağı palatası prezident Mişel Temerə qarşı ittiham irəli sürülməsinin əleyhinə səs verib. Dövlət başçısı cinayətkar təşkilatın yaradılması və məhkəmənin işinə mane olmaq cəhdində təqsirli bilinirdi.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təşəbbüsün əleyhinə 160 deputat səs verib. Məhkəmə araşdırmasının davamı üçün 342 səs tələb olunurdu. Beləliklə, dövlət başçısına qarşı cinayət işi 2018-ci ilin sonunadək, yəni mandatının bitməsinə qədər dayandırılacaq.

May ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. İyunun 27-də Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb. Baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib. Sentyabr ayından etibarən Mişel Temerə qarşı daha bir korrupsiya faktı ilə bağlı araşdırma aparılır. O həmçinin cinayətkar qrup yaratmaqda, eləcə də istintaqın gedişinə əngəl törətməkdə ittiham olunur.

Ötən axşam dövlət başçısı sidik kisəsində yaranan problemə görə paytaxt Braziliya şəhərindəki xəstəxanalardan birinə çatdırılıb. Son məlumata görə, bu gün onun xəstəxanadan evə buraxılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR