Gəncədə şərab festivalının rəsmi açılış mərasimi keçirilib

Gəncədə şərab festivalının rəsmi açılış mərasimi keçirilib
# 20 dekabr 2016 12:32 (UTC +04:00)

Gəncə şəhərində IV Beynəlxalq Şərab Festivalının rəsmi açılış mərasimi keçirilib

APA-nın xəbərinə görə, festival Gəncə şəhər İcra Hakimiyyəti, İqtisadi İnkişaf və Sənaye, Kənd Təsərrüfatı, Xarici İşlər nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən birgə təşkil olunub.

Tədbirin ikinci gününə Gəncəçay Park Bulvarın önündən start verilib. Festivala Azərbaycan, Fransa, Bolqarıstan, Moldova, Gürcüstan və digər ölkələrin şərab istehsalçıları, distribyutorları və istehlakçıları qatılıblar. Ümumilikdə yerli və xarici şərab istehsal edən 20-yə yaxın istehsal müəssisəsinin məhsulları nümayiş etdirilir. Festival “Dədə Qorqud” dastanından bir parça - Qazan xanın şərab içməsi səhnəsini əks etdirən meydan tamaşası ilə başlayıb. Tamaşa festival iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılanıb. Simfonik orkestrin ifasında Koroğlu Uvertürası, uşaq bağçaları kollektivlərinin üzüm rəqsi, cizgi filmi qəhrəmanlarının rəngarəng rəqsləri alqışlarla qarşılanıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, festivalın əsas məqsədi şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, Azərbaycanın şərab məhsullarının xarici bazarlara çıxarılmasını dəstəkləməkdir. Fransanın Konyak şəhərinin meri Mişel Qurinçasdan, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Varna şəhərinin meri İvan Partnix festivaldan məmnunluqlarını dilə gətiriblər. Bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq və şərab ənənələrini qoruyub saxlamağın vacibliyini vurğulayıblar. Çıxışlardan sonra festival iştirakçıları nümayiş etdirilən şərabların dadına baxıblar. Gəncənin təndir çörəyi və yerli pendiri də dequstasiyadan keçirilib. Qonaqlar müxtəlif növ üzümlər, şirniyyatlar, Azərbaycan və Gəncə mətbəxinin ləziz təamlarından dadıblar.

Festivalda qədim məişət əşyaları, Azərbaycanın adət-ənənələrini əks etdirən guşələr də maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR