Əli Əhmədov: “Azərbaycan Milli inkişaf Strategiyasını Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmaq üçün ciddi addımlar atır”

Əli Əhmədov: “Azərbaycan Milli inkişaf Strategiyasını Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmaq üçün ciddi addımlar atır”
# 25 dekabr 2017 08:40 (UTC +04:00)

“2015-ci ildə BMT tərəfindən “2030 Dayanıqlı İnkişaf Məqsədləri” adlı layihə hazırlanıb. Bu layihəyə qoşulan Azərbaycan qlobal layihənin qoyduğu ayrı-ayrı məqsəd və hədəflərə uyğun çox ciddi addımlar atır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, qlobal layihə 2030-cu ilə qədər dünyada iqtisadi, sosial cəhətdən və ətraf mühit baxımından köklü dəyişiklikləri nəzərdə tutur. Ə. Əhmədov qeyd edib ki, qarşıdakı 15 il ərzində qlobal layihə çərçivəsində istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş dövlətlər üçün çox ciddi pozitiv dəyişikliklər nəzərdə tutulur: “Qlobal layihə iqtisadi cəhətdən geridə qalmış ölkələrin inkişaf etdirilməsi, bütün dövlətlərdə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, bir sözlə ümumi mənzərənin dəyişdirilməsi məqsədi qoyur. Dayanıqlı İnkişaf Məqsədlərində bəşəriyyət üçün ekoloji tarazlığın təmin edilməsi, dünya xalqlarının daha yaxşı yaşaması üçün əlverişli mühitinin yaradılması, gender bərabərliyinin, insan hüquqlarının daha yüksək səviyyədə təmin edilməsi nəzərdə tutulub. Başqa sözlə, indi dünyada daha qlobal genişmiqyaslı proqramın həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlərə qoşulan Azərbaycan layihə çərçivəsində bəzi öhdəliklər götürüb. Ölkəmiz qlobal layihənin ayrı-ayrı hədəf və məqsədləri üzrə ciddi addımlar həyata keçirir. Bilirsiniz ki, layihədə 17 əsas məqsəd və bunlara uyğun olaraq 169 hədəf müəyyən edilib. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində bütün ölkələr ayrı-ayrı sahələrdə, eləcə də ekoloji tarazlığın həyata keçirilməsində həyata keçirdikləri milli strategiyanı qlobal layihəyə uyğunlaşdıracaq. Bununla həm milli inkişafa, həm də dünya transformasiyası məqsədinə nail olunacaq. Azərbaycan öz üzərinə çox ciddi vəzifələr götürüb və bu istiqamətdə çox ciddi addımlar atılır. Azərbaycanın bu qlobal layihəyə ciddi yanaşmasını təsisatlanma sahəsində atdığı addımın özünə məxsusluğu bir daha göstərir. Azərbaycan yeganə ölkədir ki, qlobal layihə çərçivəsində xüsusi Milli Şura yaradıb. İkincisi, yüksək statuslu dövlət məmurlarını bu Şuraya cəlb edib. Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır”.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti layihə çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə həssas yanaşır: “Qlobal layihə çərçivəsində könüllü milli hesabat iyulun 19-da BMT-yə təqdim edilib və maraqla qarşılanıb. İndinin özündə də Milli İnkişaf Strategiyasının ayrı-ayrı göstəricilərinin dayanıqlı inkişaf məqsədlərə hədəflərə uyğunlaşdırılması istiqamətində çox ciddi işlər aparılır. Bütün dövlət strukturlarına bu hədəflər çatdırılıb. Artıq uyğunlaşdırma prosesi həyata keçirilir. Bu, xeyli zaman aparılacaq. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş öhdəlikləri ləyaqətlə yerinə yetirir, bundan sonra da ölkəmiz məqsəd və hədəflərə çatmaq üçün müvafiq tədbirlər görəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR