Bakı Apellyasiya Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Sənan Həsənov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirlib.
APA-nın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, ötən ilin noyabrında Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində S. Həsənovun idarə etdiyi “Opel” markalı minik avtomobili dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər – Mükafat Ağayev, Günel Rzazadə və onun oğlu, 7 aylıq Ümid Rzazadə ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib.