Azərbaycanda 4 yeni çay sortu hazırlanıb

Azərbaycanda 4 yeni çay sortu hazırlanıb
# 13 fevral 2017 13:47 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində çay bitkisinin sort və formalarının toplanması, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması istiqamətində araşdırmalar aparılır. AMEA-dan APA-ya verilən xəbərə görə, bu tədqiqatlar çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialında mərkəzin direktoru Fərman Quliyevin müəllifi olduğu 4 – “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay Çəhrayı” çay sortları hazırlanaraq Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib.

Gələcəkdə bu sortların artırılaraq təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişaf etdirilməsinə imkan verəcək.

Qeyd edək ki, Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyevin çay, limon, narıngi, portağal, qreypfrut, feyxoa, zeytun, kivi, innab, əncir, badam, nəcib dəfnə və s. kimi subtropik dərman bitkiləri üzərində apardığı elmi-tədqiqat işlərinin nəticələri təsərrüfatda geniş tətbiq edilərək, ali məktəblərin tədris proqramlarına, tədris vəsaitlərinə daxil edilib, xarici dillərə tərcümə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR