Azərbaycan Seulda beynəlxalq festivalda təmsil olunub

Azərbaycan Seulda beynəlxalq festivalda təmsil olunub
# 17 oktyabr 2017 10:41 (UTC +04:00)

Seulda Qlobal Mədəniyyət Festivalı (İtaewon Global Village Festival) keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda ölkəmiz də təmsil olunub.

150 mindən artıq insanın iştirak etdiyi sözügedən festivalda Azərbaycanın milli guşəsi quraşdırılıb, ölkəmizin tarixini, mədəniyyətini əks etdirən sənət nümunələri, xalçalar, milli geyimlər və musiqi alətləri, müxtəlif suvenirlər, o cümlədən Azərbaycana dair foto-şəkillər nümayiş etdirilib. Bundan başqa, festivalın açılış mərasimində təşkil olunmuş konsert proqramı çərçivəsində Fikrət Əmirov adına rəqs qrupu geniş mədəni proqramla çıxış edib, Azərbaycan milli musiqisi koreyalı izləyicilərə təqdim olunub. Azərbaycan musiqiləri və milli rəqsləri böyük maraq doğurub.

Azərbaycanın sözügedən festivalda təmsil olunması Bakının Qaradağ rayonu ilə Seulun Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində baş tutub.

Qeyd edək ki, 12-15 oktyabr tarixlərində Bakının Qaradağ rayonunun İcra Hakimiyyəti başçısının müavini Emil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreyada səfərdə olub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Seulun Yonqsan rayonun İcra Hakimiyyətinin rəhbəri Song Chang-hyong və rayonun struktur rəhbərlərinin iştirakı ilə birgə toplantıda iştirak edib. Tədbirdə tərəflər arasında dostluq əlaqələrinin qurulmasına dair Memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR