AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 10 dekabr 2014 15:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev və institutun direktoru vəzifəsini icra edən, akademik İradə Hüseynovanın “Fotosintez, fototənəffüs və bitkilərin məhsuldarlığı yeni konsepsiyada” adlı məruzəsi dinlənilib.

İ.Hüseynova bildirib ki, işıqda bitkilərdə fotosintez prosesi (karbon qazının udulması və oksigenin ayrılması) ilə yanaşı, onunla sıx bağlı, lakin onun əksinə yönələn digər bir proses - karbon qazının ayrılması və oksigenin udulması ilə stimulə olunan fototənəffüs baş verir. Fototənəffüs prosesinin kəşf edilməsindən 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun fotosintezdə və bütövlükdə bitkilərin məhsuldarlığında rolu haqqında məlumatlar çox ziddiyyətli olub. Fototənəffüsü uzun illər tədqiq edən alimlər onun əhəmiyyətini düzgün qiymətləndirməyərək, bu prosesi israfçılıq hesab ediblər. Müxtəlif tədqiqat qrupları mutasiyalar, ingibirləşmə, biokimyəvi və yaxud genetik manipulyasiyalar yolu ilə fototənəffüsü azaltmaqla bitkilərin məhsuldarlığını artırmağa çalışıblar. Ancaq bu cəhdlər heç bir nəticə verməyib. Tarla şəraitində becərilən müxtəlif genotiplərdən istifadə etməklə aparılan çoxillik, məqsədyönlü və hərtərəfli təcrübələrdən alınan nəticələr bu ziddiyyətli problemin həllinə imkan yaradıb. Bu məqsədlə bir neçə min buğda genotipini əhatə edən unikal buğda genofondu yaradılıb, ən müasir avadanlıqlarla çoxsaylı kontrast buğda genotiplərində ontogenez zamanı qaz mübadiləsi, karbon metabolizmi və rubiloza-1,5-bisfosfatkarboksilaza/oksigenaza fermentinin karboksilaza və oksigenaza aktivliləri təyin edilib. Alınan nəticələr fotosintez və fototənəffüsün intensivliyinin paralel dəyişməsini göstərib. Müəyyən edilib ki, yüksək məhsuldar genotiplər fotosintez prosesinin yüksək intensivliyi ilə yanaşı, fototənəffüsün də yüksək kəmiyyətləri ilə xarakterizə olunur. Həmçinin qeyd olunub ki, dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması və məhsuldarlığı artırmaq üçün bu prosesi azaltmaq zərurəti ilə bağlı təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə aparılan 40 illik təcrübələrlə sübut edilib ki, fototənəffüs - təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla onu azaltmaq cəhdləri tam əsassızdır. Bu nəticə Beynəlxalq Fotosintez konfranslarında (2011, 2013) və konqresdə (2013) plenar məruzə kimi təqdim olunub və yüksək impakt-faktorlu “Physiol. Plantarum”, “Advances in Biological Chemistry” jurnallarında dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR