Takehiko Nakao:” AİB-in Azərbaycanla bağlı 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası iqtisadiyyatın daha da şaxələndirilməsinə kömək edəcək”

Takehiko Nakao:” AİB-in Azərbaycanla bağlı 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası iqtisadiyyatın daha da şaxələndirilməsinə kömək edəcək”
# 04 noyabr 2014 16:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə müdiri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və AİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, 2015-ci ilin may ayında Bakı şəhərində keçiriləcək Bankın Rəhbərlər Şurasının İllik Toplantısına hazırlıq məsələləri müzakirə olunub.

Samir Şərifov AİB-nın Rəhbərlər Şurasının Bakı şəhərində keçiriləcək İllik Toplantısına hazırlıq prosesinin yüksək səviyyədə getdiyini və Azərbaycanın ev sahibi ölkə kimi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirəcəyini bildirib. Nazir qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf, mötəbər beynəlxalq tədbirlərə, sammitlərə, konfranslara ev sahibliyi edən ölkəmizin bu sahədəki təcrübəsi, həmçinin Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir. S.Şərifov eyni zamanda Azərbaycanın tranzit və loqistika sahəsində əlverişli imkanlara malik olmasının və paytaxtdakı mövcud olan otellərin say və tutumunun da təşkilatçı ölkə kimi iştirakçıları yüksək səviyyədə qarşılamağa imkan yaratdığını vurğulayıb.

Takehiko Nakao toplantıya ev sahibliyi etməklə bağlı Azərbaycan hökumətin dəstəyini yüksək qiymətləndirdiyini və Bankın Rəhbərlər Şurasının Bakıda keçiriləcək 48-cı İllik toplantısının uğurlu olacağına əminliyini ifadə edib.

Qeyd olunub ki , toplantıya 3000-dən çox iştirakçının, o cümlədən nazirlər və digər hökumət rəsmiləri, inkişaf tərəfdaşları, özəl sektor nümayəndələri, alimlər, vətəndaş cəmiyyəti təşkilatları, gənclər və medianın qatılacağı gözlənilir.

Görüş zamanı Azərbaycanın güclü inkişafı, makroiqtisadi sabitlik, qeyri-neft sektorundakı dinamik artımı, həmçinin səhiyyə, təhsil və su təchizatı sektorlarında əldə olunan nailiyyətlər təqdirlə qeyd olunmuş, dayanıqlı və əhatəli iqtisadi inkişafa AİB-in necə dəstək verə biləcəyi barədə fikir mübadiləsi aparılıb. T. Nakao bildirib ki, AİB-in Azərbaycanla bağlı 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ölkəyə öz iqtisadiyyatını daha da şaxələndirməkdə kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR