Səfir: “ARDNŞ-ın Maltadakı tərəfdaşının müflis olması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”

Səfir: “ARDNŞ-ın Maltadakı tərəfdaşının müflis olması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”
# 25 noyabr 2014 08:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Malta və Afrika ölkələrinə sıxılmış qaz ixracına dair strateji tərəfdaş olan Britaniya şirkətinin müflis olması haqda mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu “APA-Economics”ə Maltanın Azərbaycan, Ukrayna, Qazaxıstan və Rusiya üzrə səfiri Con Debono deyib.

“ARDNŞ Maltada həyata keçirilən bu layihəyə sərmayə yatırıb. Birincisi, ARDNŞ konsorsiumda tərəfdaşlardan biridir. Bu konsorsium isə çox sağlamdır. Layihədə həmçinin Malta, Almaniya və Britaniya şirkətləri də var. Mətbuatın hədəfinə səhv etmirəmsə Britaniya şirkəti tuş gəlmişdi. Amma təəssüf ki, bu siyasətdir... Mətbuat bəzən bədbin xəbərlər yazmağı xoşlayır. Layihə hazırda işlənmə mərhələsindədir. ARDNŞ-ın isə bu layihədə iştirakını yaxşı imkan kimi qiymətləndirirəm”, - deyə diplomat bildirib.

Qeyd edək ki, ARDNŞ Maltada elektrik stansiyasının tikintisi üçün yaradılan “ElectroGas” beynəlxalq konsorsiumunun iştirakçısıdır. ARDNŞ-ın törəmə şirkəti “SOCAR Trading SA” burada 20%-lik paya malikdir. Onun Maltaya, habelə Afrika ölkələri Toqo və Beninə sıxılmış qaz ixracı üzrə tərəfdaş seçdiyi Britaniya şirkəti “Gasol” (Virgin adalarında qeydiyyatdan keçib) isə konsorsiumda 30%-lik payla təmsil olunur. Qalan 50% isə “GEM Holdings Ltd” və “Siemens Projects Ventures” şirkətlərinə məxsusdur.

Malta mətbuatının məlumatına görə, konsorsiumun digər iştirakçısı olan “Gasol” defolt həddinə çatıb: “Şirkət ötən ay audit hesabatını açıqlayıb və məlum olub ki, “Gasol” müflis olmaq üzrədir. Auditorlar gələcəkdə onun fəaliyyətini davam etdirməsini ağlabatan hesab etmirlər”.

Xatırladaq ki, ötən ilin martında ARDNŞ-in treydinq şirkəti olan “Socar Trading” Böyük Britaniyanın “Gasol” şirkəti ilə 1 milyon dollar həcmində kreditin verilməsinə dair saziş imzalayıb. Kredit 2 il müddətinə 4% dərəcəsi ilə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR