Anders Foq Rasmussen: "Rusiyanın hərəkəti humanitar yardım məqsədinin səmimiliyini şübhə altına salır"

Anders Foq Rasmussen: "Rusiyanın hərəkəti humanitar yardım məqsədinin səmimiliyini şübhə altına salır"
# 22 avqust 2014 21:23 (UTC +04:00)

APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, A.F.Rasmussen Rusiyanın humanitar yardım karvanının Ukrayna ərazisinə Kiyevin razılığı olmadan və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı olmadan keçməsini beynəlxalq hüquqa hörmətsizlik kimi qiymətləndirib: “Bu, Rusiyanın bu yaxınlarda Berlin və Cenevrədə qəbul olunmuş beynəlxalq qətnamələri kobud şəkildə pozmasını göstərir. Beynəlxalq humanitar prinsiplərə hörmətsizlik bir sıra suallar ortaya qaldırır və Rusiyanın humanitar yardım məqsədinin səmimiliyini şübhə altına salır”.

Rasmussenin fikrincə, son hadisə Rusiya silahlı qüvvələrinin iştirakı ilə avqustun ortalarından etibarən artan gərginliyi daha da dərinləşdirir. NATO baş katibi əlavə edib ki, Rusiyanın separatçılara artilleriya dəstəyi Ukrayna silahlı qüvvələrinə qarşı istifadə olunur: “Biz həmçinin xeyli miqdarda silah, tank və silahlı insanları daşıyan maşınların Ukrayna ərazisinə keçməsinin şahidi olmuşuq.

Bundan başqa, NATO hazırda Rusiyanın quru və hava qüvvələrinin Ukrayna sərhədlərində toplaşmasını müşahidə edir. Hadisələrin bu cür inkişafı Rusiyanın vəziyyəti daha da gərginləşdirməsindən xəbər verir. Bu, ancaq Rusiyanın daha da təcrid olunmasına xidmət edə bilər. Rusiyaya ciddi çağırış edirəm ki, Ukraynanın sabitliyini pozmağı dayandırsın və bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR