Hüquq müdafiəçiləri polis idarəsində monitorinq keçiriblər

 Hüquq müdafiəçiləri polis idarəsində monitorinq keçiriblər
# 31 oktyabr 2014 11:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan 14 nəfərlə görüşüblər: “Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Lakin məhkəmədən, Penitensiar Xidmətdən şikayət edənlər oldu. Bir nəfər isə prokurorluqla bağlı narazılığını bildirdi. Həmin məsələni baş prokurorun diqqətinə çatdıracağıq” .

E. Behbudov orada saxlanılan Qasımov Elnur Oruc oğlu ilə də görüşdüyünü deyib: “Həmin şəxs narkotiklə bağlı həbs edilib. Vəhhabi təriqətinə mənsub olduğu bildirilir. Ondan soruşdum ki, dinlə məşğul olan adamın narkotiklə nə işi var. Mənə cavab verə bilmədi”.

Hüquq müdafiəçisi orada saxlanılan və vəhhabi təriqətinə mənsub olduğu bildirilən Anar Rəhimov, Elvin Mirzəliyev, Elmar Məmmədli, Vüqar Xəlilovla isə məhkəməyə aparıldıqları üçün görüşə bilmədiyini deyib: “Onlar ötən il dekabrın 11-də baş vermiş silahlı insidentlə bağlı həbs ediliblər. Məhkəmədə olduqları üçün onlarla görüşə bilmədim” .


E. Behbudov monitorinq zamanı Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Sahib Mirzəyevlə də görüşdüklərini deyib: “Sahib müəllim bildirdi ki, Sumqayıtda vəziyyət nəzarətdədir. Hər hansı problem yoxdur ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR