Avropa Komissiyası qaz infrastrukturunun inkişaf etdirilməsi üzrə işçi qrupu yaradıb

Avropa Komissiyası qaz infrastrukturunun inkişaf etdirilməsi üzrə işçi qrupu yaradıb
# 09 dekabr 2014 22:43 (UTC +04:00)

Bakı-APA. Avropa Komissiyası “Cənub axını” layihəsinin keçmiş üzv dövlətləri ilə (Aİ üzvləri Bolqarıstan, İtaliya, Yunanıstan, Xorvatiya, Rumıniya, Macarıstan, Avstriya və Sloveniya) qaz infrastrukturunun inkişaf etdirilməsi üzrə işçi qrupu yaradıb. APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin 8 ölkəsinin energetika nazirləri ilə Brüsseldə keçirilmiş görüşün yekunlarına dair Avropa Komissiyasının bəyanatında bildirilir. Məlumata görə, görüşdə Avropa Komissiyası sədrinin Enerji Birliyi üzrə müavini Maroş Şefçoviç iştirak edib.

İşçi qrupunun ilk vəzifəsi Mərkəzi və Cənub-Şərqi Avropanın enerji bazarlarının inteqrasiyasına dair tədbirlər planının hazırlanması olacaq.

“Qaz bazarlarının inteqrasiyası bölgədəki (Cənub-Şərqi Avropada) bütün istehlakçıların rifahı naminə lazımi infrastrukturunun yaradılmasını və ümumi qaydaların tətbiq edilməsini tələb edəcək. Buna Cənub Qaz Dəhlizinin boru kəməri sistemi ilə əlaqəli olacaq maye qaz terminallarının tikintisi və ya Qara dəniz və Aralıq dənizinin şərq hissəsindəki ofşor yataqlarında qazın hasilatı və tədarükü kimi əsas regional layihələrin reallaşdırılması yolu ilə nail olmaq mümkündür”, deyə bəyanatda qeyd olunub.

“Aİ ölkələri və Avropa Komissiyasının vitse-sədri arasında əldə olunmuş razılaşmaya əsasən, Avropa enerji infrastrukturunun payızda keçirilmiş stress-testlərinin nəticələri kontekstində yüksək səviyyəli işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub. İşçi qrupu bölgəyə qaz tədarüklərinin şaxələndirilməsini təmin edəcək transsərhəd və transavropa layihələrinin inkişafının yüngülləşdirilməsi və icrası üzrə səyləri əlaqələndirəcək”, deyə bəyanatda vurğulanıb.

Bu kontekstdə Yunanıstan, Bolqarıstan və Rumıniya ötən gün bu ölkələri birləşdirəcək Şaquli Qaz Dəhlizinin yaradılmasına dair birgə bəyanat imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR