Sadıq Rəhimovun 100 illik yubileyi keçiriləcək - FOTO

Sadıq Rəhimovun 100 illik yubileyi keçiriləcək - <span style="color: red;">FOTO
# 11 sentyabr 2014 13:26 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 25-də Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubiley mərasimi keçiriləcək.

APA-nın xəbərinə görə, S.Rəhimovun yubileyi Azərbaycan prezidentinin 8 iyul tarixli sərəncamına əsasən qeyd olunur.

Mərasim Azərbaycan Dövlət Akademik Dram Teatrında təşkil ediləcək. Yubiley mərasimində Sadıq Rəhimovun həyat və fəaliyyətindən bəhs edən "Şərəfli ömür" kitabının və eyniadlı sənədli filmin təqdimatı da olacaq.


Qeyd edək ki, Sadıq Rəhimov 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. Bundan başqa, o, müxtəlif illərdə toxuculuq sənayesi naziri, Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri, kommunal təsərrüfat və mülki tikinti naziri, çoxişlənən sənaye malları naziri, Respublika Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin sədri, Bakı Baş Tikinti İdarəsinin rəisi və yüngül sənaye naziri vəzifələrində çalışıb.

Sadıq Rəhimov Azərbaycanda tikinti və sənaye sahələrinin inkişafında böyük rol oynayıb, vəzifədə olduğu illərdə respublikamızın mənafeyinin qorunmasında fəal iştirak edib, Sovet hakimiyyəti rəhbərliyi dəfələrlə onu millətçilikdə ittiham edib.

Sadıq Rəhimovun XX əsrin 50-ci illərində Qarabağı Azərbaycandan istəmək üçün Bakıya gəlmiş erməni keşiş Vazgeni təhqir etməsi o zaman böyük əks-səda doğurmuş və Ermənistan uzun müddət Azərbaycana qarşı ərazi iddiasını dayandırmalı olmuşdu.

Sadıq Rəhimov 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin 3-cü sessiyasında cəsarətlə çıxış edərək, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi məsələsini dəstəkləyib və bu sahədə milli kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb.

O, vəzifədə olduğu müddətdə həmişə, heç nədən çəkinmədən ermənilərin sovet rəhbərliyindəki havadarlarına qarşı sərt mübarizə aparıb. SSRİ rəhbərliyinin təzyiqlərinə baxmayaraq, açıq şəkildə bəyan edib ki, “mən Azərbaycanın şəhər və kəndlərini qazla təmin etmədən Ermənistana qaz xəttinin çəkilməsinə razılıq verə bimərəm!”

O, öz vəzifəsini xalqın mənafeyinə qurban verməklə, Azərbaycan tarixinə vətənpərvər şəxsiyyət və dövlət xadimi olaraq həkk olunub. Sadıq Rəhimov Nazirlər Sovetinin sədri vəzifəsindən məhz Azərbaycanın mənafeyini Sovet dövləti qarşısında cəsarətlə müdafiə etdiyi üçün azad edilib.

S.Rəhimov dəfələrlə Azərbaycan KP MK-nın və onun bürosunun, Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatı, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin üzvü olub.

S.Rəhimov 1975-ci il iyunun 11-də 61 yaşında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR