Azərbaycan XİN başçısı BMT İnkişaf Proqramının rəhbəri ilə görüşüb

Azərbaycan XİN başçısı BMT İnkişaf Proqramının rəhbəri ilə görüşüb
# 25 sentyabr 2014 14:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT İnkişaf Proqramının rəhbəri Helen Klarkla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüş zamanı H.Klark Azərbaycanın BMT İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edib, oktyabrın əvvəlində Azərbaycana səfərinin əhəmiyyətini vurğulayıb.

O, Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, Azərbaycanın inkişaf səviyyəsindən və ölkənin beynəlxalq arenada fəal rol oynamasından məmnunluğunu ifadə edib.

H. Klark Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində ciddi nailiyyətlər əldə etdiyini deyərək, bu sahənin BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirib.

E. Məmmədyarov isə xanım H. Klarkın Azərbaycana səfərinin BMT İnkişaf Proqramı və Azərbaycan höküməti arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, ölkəmiz humanitar və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yardıma ehtiyacı olan, inkişaf etməkdə olan ölkələrə yardım etmək məqsədilə AİDA (Azerbaycan International Development Agency) təşkilatını yaratıb və inkişaf etməkdə olan donor ölkə statusu qazanıb. O, indiyədək Latın Amerikası, Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar yardımdan bəhrələndiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR