Gürcüstan Dövlət Texniki Universitetində Qarabağ İnformasiya Guşəsi açılıb - FOTOSESSİYA

Gürcüstan Dövlət Texniki Universitetində Qarabağ İnformasiya Guşəsi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 20 oktyabr 2014 19:54 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Texniki Universitetində Qarabağ İnformasiya Guşəsi açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, informasiya guşəsinin yaradılması layihəsi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Belə bir guşə ikinci dəfədir ki, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) xarici ölkə universitetlərində Qarabağ guşələrinin yaradılması adlı layihə çərçivəsində açılıb. Tədbirdə universitetin müəllim və tələbə kollektivi, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri və media nümayəndələri iştirak edib.

Guşənin açılması mərasimini Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin xarici ölkə universitetlərində Qarabağ guşələrinin yaradılması adlı layihəsinin Gürcüstan üzrə koordinatoru Aybəy İsayev açaraq belə bir guşənin Suxumi Dövlət Universitetində də açıldığını bildirib: "Bu cür guşələr dünyanın müxtəlif ölkələrində olan təhsil ocaqlarında da açılıb. Bu guşələrin açılmasında məqsədimiz Dağlıq Qarabağ münaqişəsi haqqında doğru-düzgün məlumat verməkdir. Çünki Cənubi Qafqaz ölkələri üçün ən vacib problem məhz etnik münaqişələr nəticəsində Azərbaycan və Gürcüstan dövlətlərinin ərazi bütövlüyünün pozulması, konkret olaraq torpaqlarımızın qonşular tərəfindən işğal olunması və illərlə davam edən münaqişələrin həlli məsələsidir. Düşünürəm ki, bu vacib problemlərin həllinin hələ də ləngiməsi alim və tədqiqatçıların, universitet tələbələrinin məsuliyyətini daha da artırır".

Tədbirdə Gürcüstan Texniki Universitetinin professorları Maya Kipiani, Georgi Qaçeçiladze, Darecan Tsuktsilidze, Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələləri üzrə attaşesi Samirə Ağayeva, ART Paralel Televiziyasının sədri Tenqiz Txilava, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşı Aygül İsayeva və başqaları çıxış edərək Gürcüstan Texniki Universitetində Qarabağ İnformasiya Guşəsinin açılmasını təqdirəlayiq hesab ediblər. Natiqlər münaqişələr yönümündə hələ çox işlər görülməsini, universitetlərarası görüşlər keçirməyin vacibliyini də vurğulayıblar.

Tədbirdə gürcü, Azərbaycan, rus və ingilis dillərində Dağlıq Qarabağa, ümumiyyətlə, Qafqaza həsr edilən kitablar, disklər sərgilənib.

Gürcüstan Texniki Universitetinin professoru Georgi Qaçeçiladze APA-ya açıqlamasında iki ildən çoxdur ki, gürcü və azərbaycanlı tələbələrə "Geosiyasət dünən və sabah", "Müasir dünyada təhlükəsizlik", "Sosial psixologiya" fənlərindən dərs dediyini bildirib: "Mən tələbələrimi özümün oğullarım və nəvələrim hesab edirəm. Azərbaycanın taleyi Gürcüstandan, Gürcüstanın taleyi isə Azərbaycandan çox asılıdır. Günəş haradan çıxırsa bizim o məkana həmişə hörmət və məhəbbətimiz var. Gürcü və Azərbaycan xalqlarının dostluğu həmişə digər xalqlara nümunə olmalı və münasibətlərimiz həmişə yüksək səviyyədə olmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR