Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Beynəlxalq Dəniz Təşkilatının sessiyasında iştirak edib

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Beynəlxalq Dəniz Təşkilatının sessiyasında iştirak edib
# 24 noyabr 2014 09:50 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (İMO) London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyasında iştirak edib.

ARDDA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Dənizdə insan həyatının mühafizəsinə dair”, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyalara edilən dəyişikliklərin təhlil olunması və göstərilən dəyişikliklərin milli qanunvericiliyə implementasiyası üzrə müzakirələrin aparılması Sessiyanın gündəmində duran əsas məsələlər olub.

Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın Dənizdə təhlükəsizliyin artırılması üzrə xüsusi tədbirlər ilə əlaqədar XI-1-ci fəslinə əlavə edilməsi nəzərdə tutulan “Qapalı yerlərdə atmosferin yoxlanılması üçün vasitələr” adlı yeni Qaydanın və XIV Fəsil olaraq nəzərdə tutulan “Qütb sularında istismar edilən gəmilər üçün təhlükəsizlik tədbirləri” adlı yeni Məcəllənin layihələri üzrə intensiv müzakirələr aparılıb.

Komitənin 94-cü sessiyasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar məruzələr dinlənilib.

Sessiya müddətində Azərbaycan nümayəndə heyəti tərəfindən Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və tədbirdə iştirak edən üzv dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyasında bir sıra Beynəlxalq Konvensiyalara dəyişikliklər edilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR