#
# 14:31
9 aprel 2021

Qarabağda erməni vəhşiliyi fonunda tarixi abidələrimiz: Azıx-Tuğ

Bu yarıakademik yazı APA informasiya agentliyi ilə ilk müştərək əməkdaşlığımızın nəticəsində meydana gəlmişdir. 17 mart 2021-ci il tarixində APA TV ilə birlikdə tarixçi mütəxəssis kimi Füzuli və Xocavənd rayonunda olduq. Bunun nəticəsi olaraq müşahidə etdiklərimizlə tarixi biliklərimizi bir araya gətirərək bir yazı yazmaq qərarına gəldik. 

Xatırlatmaq yerinə düşər ki, 44 günlük Vətən Savaşından sonra alimlərin Qarabağa getməsi təhlükəsizliklə bağlı olaraq bir o qədər də asan deyildir. Çox təəssüf ki, ermənilər Qarabağa mədəni və bioloji zərər vurmamış, üstəlik oranın müxtəlif yerlərini minalamışdır. Vətən müharibəsindən beş aydan artıq zaman keçməsinə baxmayaraq hələ də bu savaşın adı müxtəlif mətbuat orqanlarında müxtəlif cür səslənir.

44 GÜNLÜK SAVAŞIN ADI ÜZƏRİNƏ TƏKRARƏN BİR NEÇƏ SÖZ

Xatırladaq ki, hələ savaşın ilk həftələrindən bir tarixçi olaraq onu necə adlandırılması haqqında yazılarımızda məlumat vermişdik. Lakin hələ də bu savaşı hər kəs özünə xoş gələn şəkildə adlandırır. Bu qeyri-dəqiqliyin əsas səbəbi tarixçi mütəxəssislərin fikrinin nəzərə alınmaması və bu işə yanaşan qeyri-professional baxışdır. Ötən yüzilliyin 90-cı illərində baş vermiş savaş “Birinci Qarabağ Savaşı” kimi yadda qalmışdı. Oysa, bu savaş haqlı olaraq tarixi ədəbiyyatda işğal dövrü kimi göstərilmişdir. Həmin müharibəni bir, iki və s. nömrələsək, ermənilərin işğal faktını bir azca kənara qoymuş olarıq. 

İlk baxışdan mövcud savaşı da “İkinci Qarabağ Savaşı” kimi adlandırmaq qulağa xoş gələ bilər. Lakin bu ümumi vəziyyəti tam ifadə edə bilmir. Birincisi savaş sadəcə Dağlıq Qarabağ ərazisində deyil, işğal altındakı daha yeddi rayonda da gedirdi. Bəhs olunan adı verməklə savaşın məqsədini çərçivəyə salmış oluruq. Çünki bu savaş Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda gedir, Qarabağın ərazi bütövlüyünü bərpası uğrunda deyil. Onu Qarabağ savaşı adlandırmaqla sanki Qarabağ müstəqilmiş kimi təsəvvür yaratmış oluruq. 4 may 1994-cü il Bişkek anlaşmasından 27 sentyabr Vətən müharibəsinin başlandığı tarixə qədər heç savaş olmadımı və əsgərlərimiz öz çalarından keçmədilərmi? Ən yaxın tarixdə baş vermiş “Aprel döyüşləri” və ya “Tovuz döyüşləri” adlandırdığımız kimi bu savaşı necə adlandırmalıyıq? Bilinməkdədir ki, bu baş verənlər bir döyüş deyil, kompleks şəkildə gerçəkləşdirilən hərbi savaşdır, 44 günlük müharibə də bu savaşın son mərhələsidir. Unutmaq olmaz ki, Azərbaycanın Qarabağ bölgəsində 1828-ci il ermənilərin Azərbaycana köçürülməsindən 10 noyabr 2020-ci il tarixinə qədər ən azı on savaş baş vermişdir. Buna misal olaraq 1905-1907-ci illərdə baş verən “erməni müsəlman davası” adlandırdığımız prosesləri göstərmək olar. Həmin vaxt erməni terrorçuları ilə mübarizə üçün Əhməd bəy Ağaoğlu “Difai” təşkilatını yaratmışdı.  Və ya Cümhuriyyət dövründə baş verən Qarabağdakı savaş, yaxud Sovetlər Birliyi qurulduqdan sonra Qarabağdakı hadisələr, 80-ci illərin sonundakı hadisələr Qarabağ savaşı deyilmi?

Vətən müharibəsi zamanı Azərbaycan vətəndaşları Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparırdılar. Ərəb qaynaqlarına da istinad etsək, belə sonuc əldə edərik ki, Dərbənddən Həmədan şəhərinə Ağrı dağı və Urmu gölündən Xəzər dənizinə qədər Azərbaycandır və bu geniş ərazi irqindən, cinsindən, dinindən, dilindən, sosial mənsubiyyətindən və kimliyindən asılı olaraq burada doğulan hər kəsin vətənidir. Həmin günlərdə Azərbaycanın şimal hissəsi deyil, hazırkı İran İslam Respublikası ərazisi olan Cənubi Azərbaycandakı soydaşlarımız da çeşidli yollarla ordumuza dəstək oldular. Çünki Dağlıq Qarabağ və ətraf yeddi rayon onların da vətənidir. Beləcə, baş verən bu savaşı “Vətən Müharibəsi” və ya “Qarabağ savaşının sonuncu mərhələsi” adlandırmaq ən optimal variantdır.

YER ÜZÜNDƏN SİLİNMİŞ FÜZULİ ŞƏHƏRİ

Qarabağın işğal altında olduğu zamanda oranın sadəcə təbii sərvətləri və dini-tarixi abidələri talan edilmədi, eləcə də bioloji ehtiyatlarına qarşı terror həyata keçirildi. Füzuli rayonunda olduğumuz zaman demək olar ki, ağaclara rast gəlmədik. Sadəcə kolluqlar və ot örtüyü fonunda dağıdılmış evləri gözləmləmək mümkün idi. Ehtimal etmək olar ki, onlar, sadəcə, odun ehtiyatının tədarükü və satışı üçün ağacları kəsməmiş, onların kötüyünü də yerdən çıxararaq istifadə etmişlər. Füzuli şəhəri tamamilə dağıdılmışdır. Demək olar ki, salamat bina mövcud deyildir. Füzuli rayonu mədəniyyət mərkəzi, Məhəmməd Füzulinin heykəli və bir sıra mədəni tikililər tamamən dağıdılmışdır. Şəhərdə heç bir infrastruktur sağlam qalmamışdır. Yol boyu Vətən Müharibəsi zamanı istifadə olunan hərbi texnikanın təkərlərinin və eyni zamanda topların izlərini müşahidə etmək mümkündür.

Ermənilərin əbədi yaşayacaqlarına ümid etdikləri Xocavəndin Edilli, Düdükçü kəndləri və Hadrut qəsəbəsində demək olar ki, heç bir ev dağıdılmamış, infrastruktur zədələnməmişdir. Edilli və Düdükçü kəndlərində sanki yaşayış hazırda da davam edirmiş kimi hisslərə qapılır insan. Hadrut qəsəbəsi də bir neçə bina xaric tamamilə salamatdır. Burada gördüyümüz bir şey bizi dəhşətə gətirdi. Mədəniyyət evinə bənzər binada olarkən oradakı kitabların içindən üzərində “Azərbaycan terrorizmi” adlı kitab olduğunu müşahidə etmiş olduq. Bu Qarabağda anti-Azərbaycan təbliğatının aparıldığını və ermənilərin heç də sülhə yönəlik olmadığını göstərir. Bu yerlərdən fərqli olaraq Axullu kəndi tamamilə dağıdılmışdır. Buradan belə bir sonuc əldə etmək mümkündür ki, ermənilər azərbaycanlıların yaşadıqları ərazilərdə dağıntılar həyata keçirib, onların mədəniyyətlərini Qarabağdan silmək üçün əllərindən gələni ediblər. Oranı geri qaytaran Azərbaycan əsgəri isə deyil hansısa flora və ya faunaya, yaxud mədəniyyət abidəsinə zərər vurmaq heç bir yaşayış binasına da toxunmamışlar. Ona görə də dünya ictimaiyyətinin Azərbaycanı və Ermənistanı eyni tərəziyə qoyaraq davranış nümayiş etdirməsi yolverilməzdir.

Qarabağın dini tarixi abidələrinin durumuna gəlincə, burada abidələr ya tamamən dağıdılıb, ya qismən dağıdılın və içərisində müxtəlif növ heyvan saxlanılıb (xüsusilə dini abidələrdə), yaxud da abidəyə zərər vurulmağa cəhd olunub, erməniləşdirilmək uçub bərpa işləri aparılıb. Qarabağda sağlam qalan abidələrin vəziyyəti də ürəkaçan deyil. Bu cür abidələri iki qismə aid etmək olar: Birinci qismə aid edilən abidələr tamamən salamat qalsa da, onun müxtəlif yerlərinə onu korlamaq məqsədi ilə zərər yetirilmişdir. Buna misal olaraq yaşı 1 milyon ildən çox olan Azıx mağarasını göstərmək olar. Salamat qalan abidələrin digər bir qismi isə erməniləşdirilmişdir. Bu abidələr əsasən xristian albanlara məxsus kilsə və ya monastırlardır. Qarabağda yüzlərlə bu cür monastır və kilsələr vardır.

ERMƏNİ VƏHŞİLİYİ AZIX MAĞARASINDA

Dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən Azıx mağarasının sahəsi 800 kv. km-dir. İlk insan yaşayış məskənində toplamda uzunluğu 600 metrə qədər uzanan 8 küyülü dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. İbtidai icma quruluşunun ilk mərhələsi daş dövrü adlanır. Bunun əsas səbəbi insanların əmək alətlərini daha çox daşdan hazırlamasından qaynaqlanır. Azıx mağarasından təxminən 1,5-1,2 milyon il əvvələ dair daş əmək alətləri də tapılmışdı. Ona görə də bura daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Ən qədim zamandan insanlar çay qırağında yaşamağı üstün tutmuşlar və bu səbəbdən də ən qədim sivilizasiyalar (Qədim Misir, Qədim İkiçayarası, Qədim Hind və s.) məhz çay hövzələrində yaranmışdır. Azıx mağarası da Quruçayın kənarında yerləşdiyi üçün ən qədim zamanlardan insanların maraq dairəsində olmuşdur. İnsanlar iki səbəbə görə çay kənarında yaşamağı üstün tutmuşlar. Bunlardan birincisi suya olan tələbatlarını ödəmək, ikincisi isə su kənarına gələn vəhşi heyvanları ovlayaraq qida ehtiyatı əldə etmək. Minilliklər keçdikcə insanlar bu su ehtiyatlarından öz əkin sahələrini suvarmaqda istifadə etdilər.

Azıx adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Üzdəniraq qonşularımız bu ada min cür don deyindirsə də, Azıx adı qədim Türk dillərində istifadə olunan addır. Orxon-Yenisey yazılarında “azuq” - “azıq”, yəni ərzaq mənasını ifadə etdiyi halda “azığ” - “azı dişi” anlamına gəlir. “Kitabi Dədəm Qorqud” və Kaşqarlı Mahmudun “Divan-i lüğət it-Türk” əsərlərində də yuxarıda bəhs etdiyimiz mənalar vardır. Lakin “Divan-i lüğət it-Türk” əsərinin digər bir yerində Oğuzların böyük bəylərindən birinin adı Azak kimi çəkilir. Bilindiyi kimi, əski türkcədə bir çox “k” səsi “x” ilə əvəzlənmişdir. Bundan əlavə, ərəbcədə işlənən “QAF” hərfi sadəcə “q” və ya “k” səsini ifadə etmir, eləcə də “ğ” və “x” səslərini ifadə edir. Bu duruma “Kitabi Dədəm Qorqud” abidəsində daha sıxlıqla rast gəlmək mümkündür. Xocavənd rayonundakı kəndin adı ilə adlandırılan Azıx mağarasının adının etimologiyasında bu şəxsin adının olması ən doğru ehtimal sayıla bilər.

Azərbaycan Çar Rusiyasının tərkibinə daxil edildikdən sonra imperiyanın bir çox yerində, misal üçün elə Gürcüstanda qədim izlər axtarılmağa başlasa da, Azərbaycanda buna bənzər heç bir addım atılmadı. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Azərbaycanda ilk arxeoloji araşdırmalar aparılmağa başlandı, lakin Sovetlərin qurulması ilə bu iş birtərəfli icra edildi. 1950-ci ilə qədər Azərbaycanda qədim dövr araşdırılmadı və fikrimizcə bunun səbəbkarı İ. Stalin olmuşdur. Onun istəyi əsasında Azərbaycanda sadəcə orta əsrlər dövrü araşdırılmış və qədim dövrə toxunulmamışdır. Unutmaq olmaz ki, İ. Stalin Azərbaycan mədəniyyəti ilə bağlı bir çox qadağaların tətbiq olunmasında maraqlı olan diktator idi. Azərbaycanda qədim dövrün araşdırılması 1950-ci ildən sonra gerçəkləşdirilməyə başladı. 1953-cü ildə daş dövrü üzrə görkəmli alim S.N.Zamyatnin SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutu tərəfindən Bakıya dəvət olunmuşdur. Bu zaman görkəmli alim Məmmədəli Hüseynov də həmin rus alimlər birlikdə qədim dövrlə bağlı tədqiqatlarda iştirak edirdi. 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən Azıx mağarası tapılmışdır. Əslən Tuğ kəndindən olan, Talıbxanlılar nəslinin nümayəndəsi Könül Vəliyeva bildirir ki, M. Hüseynov burda arxeoloji tədqiqatlar apararkən babası Surxay Talıbxanlınin evində qalıb. Burada aparılmış tədqiqat işləri zamanı on bir mədəni təbəqə aşkarlanmışdır. Bəzi alimləri bu təbəqələrin sayının on olduğunu iddia edirlər. Azıx mağarasında Quruçay mədəniyyəti, Aşel və Mustye mədəniyyəti izləri qalmaqdadır. 1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsindən apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus alt çənə aşkar olunmuşdur. Bu tapıntı 18-22 yaşlı qadına məxsus idi və arxeoloji tapıntının 400-350 min il yaşı vardır. Qədim dövrdə insanların bir neçə faizi 30 yaş yaşaya bilirdi. Onların bu qədər erkən ölümlərinin bir neçə səbəbləri vardı. Bunlardan birincisi ov edərkən vəhşi heyvanlar tərəfindən ölmək idisə, ikincisi çiy ət yemək idi. Çiy ət yeyən insanlar müəyyən bakteriyalar səbəbindən çeşidli xəstəliklərə tutulardılar. Erkən doğuşlar və od əldə edilməmişdən öncəki soyuq hava şəraiti qadınların tez ölməsinin əsas səbəblərindən biri idi. Od əldə edən Azıx adamının həyatı tamamən dəyişdi və o, sadəcə, isinmək ehtiyacını ödəmədi, eləcə də yeməkləri bişirmə texnikasını öyrəndi. İnsanın ilk yediyi yemək kababdır, biz ona şişlik deyirdik. Bu, genetik yaddaşımızın bizə diktəsidir ki, ən əziz qonağa kabab bişirir, ən yaxşı yemək kimi kababı bilirik. Eyni zamanda bu səbəbdəndir ki, ocaq bizdə müqəddəs hesab olunur. Dini ibadətgahlar əksər halda ocaq adlandırılır. Bu da genetik bağlardan qaynaqlanır. Ocaq qədim insanı həm soyuqdan, həm də vəhşi heyvandan qoruyardı. Eləcə də insan artıq bişirilmiş, yəni bakteriyası öldürülmüş yemək yeyərdi, bu da onu dəyərli qılırdı.

Xocavənddə səfərdə olarkən Azıx mağarasında gördüklərimiz bizi dəhşətə gətirdi. Mağaranın ön girişinə, əsas dəhlizinə və səkkiz dəhlizdən birinə girmək mümkün oldu.  Divarlarda kobud arxeoloji qazıntıların aparıldığını, içəri qum torbalarının yerləşdirildiyini, ön dəhlizdə metaldan hasar çəkildiyini müşahidə etdik. Təxminən 700 minillik ocaq izi qalsa da, ocaq izinin ətrafındakı daş yığınları ola bilsin ki, burada aparılan qanunsuz arxeoloji qazıntılar zamanı dağıdılmışdır. 2001-ci ildən etibarən Azıx mağarasında İngiltərə, İspaniya, İrlandiya və Ermənistandan olan beynəlxalq tədqiqatçılar qrupu İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın başçılığı altında “tədqiqat” işlərinin aparılmasına başlanmışdır. Bu “tədqiqatlar” nəticəsində 300 min il yaşı olan, Avropada ən qədim mağara ayısının sümüyü və digər maddi mədəniyyət nümunələri Londona aparılıb. Mağaranı işğaldan sonra müşahidə edərkən burada kobud və səriştəsiz arxeoloji tədqiqatlar aparıldığının şahidi olduq. Ayı kəllə sümüklərinə mağarada çox sıx rast gəlinir ki, bu cür unikal tapıntılardan biri hələ Sovetlər birliyində gerçəkləşdirilmişdi və həmin tapıntının yerləşdiyi oyuqlar mağaranın divarında hələ də qalmaqdadır.

Azıx mağarasının divarına arxeoloqlar tərəfindən zərər vurulmuş, qırmızı boya ilə rəqəmlər yazılmışdır. Bu da bəs deyilmiş kimi, erməni əsgərlər və ya bir zamanlar buralarda yaşamış ermənilər divara qırmızı rəngli boya və iri həriflərlə erməni adları (məsələn “Suren”, “Karen”)  yazmışdır. Dünyanın dörd qədim yaşayış yerlərindən biri olan abidənin divarlarına bu cür toxunmaq və boyalardan istifadə etmək mədəni cinayətdir. Ümumiyyətlə, Azıx mağarasının yeni müasir tədqiqatların köməyi ilə arxeoloji araşdırılmaya ehtiyacı vardır.

TUĞ KƏNDİ VƏ ERMƏNİLƏŞDİRİLMƏK İSTƏNİLƏN MÜQƏDDƏS İOHANN KİLSƏSİ

Xocavənd rayonunun Tuğ kəndi öz füsunkar təbiəti ilə fərqlənir. Burada da heç bir dağıntının olmadığını vurğulamaq lazımdır. Həmin kənddən olan Könül Vəliyevanın vermiş olduğu məlumatlar olduqca qiymətlidir. Tuğ kəndinin aşağı hissəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən üç il ərazində (1975-1978) müasir tipli məktəb tikdirilmişdir. H. Əliyevin Tuğa gəlməsi və tikinti ilə maraqlanması haqqında məlumatlar da mövcuddur. Tuğda ilk məktəb isə - 1856-cı ildə açılıb. Həmin vaxt ilk məktəb kimi “molla məktəbi” (çox güman ki “üsuli-cədid”) açılmışdı ki, bu da Tuğ əhalisinin əksəriyyətinin müsəlmanlar olması fikrini bir daha təsdiqləmiş olur. Yaşlı Tuğ sakinlərinin verdiyi məlumatdan belə nəticə əldə etmək olur ki, ermənilər buraya 1915-ci ildən sonra gəliblər. Burada yaşayan əhali türk kimliyini daşıyırmış. Tuğ kəndində əsas dörd bulağın olduğunu söyləmək mümkündür. Yuxarı bulaq, Orta bulaq, Ağası bulaq və Şor bulaq. Biz Tuğ kəndində olarkən aşağı bulağın suyundan istifadə etdik.

Tuğ kəndində bir neçə alban kilsəsi mövcud olmuşdur ki, bunlara misal olaraq Tuğdakı kənd əhalisinin bir qismi tərəfindən Kataro adlandırılan Qırmızı kilsə, Anapat kilsəsi, Müqəddəs İohann kilsəsi və digər kilsələri göstərmək olar. Bu kilsələr erməni vəhşiliyinə məruz qalaraq erməniləşdirilmişdir.

XIII əsrə aid olan Müqəddəs İohann kilsəsi alban xristian memarlığının demək olar ki, bütün xüsusiyyətlərini daşıyır. Bu memarlıq ənənələrinə görə, XIII əsrdən etibarən əsrlərdən bəri köhnəlmiş məbəd qalıqları üzərində yeni monastırlar və məbədlər inşa olundu. Bunun əsas səbəbi Moğol yürüşləri və Elxanlı dövlətinin yaradılması idi. Moğolların gəlişi ilə Azərbaycanda İslam təsirləri azaldı və Xristian dini az da olsa, yüksəlməyə başladı. Azərbaycanda Elxanilər dövləti qurulduqdan sonra xristianların mövqeyi daha da gücləndi. Bunun əsas səbəbi Hülakü xanın həyat yoldaşı Doqquz Xatunun Xristian dininə sitayiş etməsi idi. Bu dövrdə inşa edilən alban məbədləri düzbucaqlı apsidalara malik idi və tavanda günbəzlərdən istifadə edərdilər. Alban məbədləri və monastırları bərkidici əhəng məhlulu ilə kobud yonulmuş çay daşlarından istifadə olunaraq tikilirdi. Bu cür abidələrdə bəzən nal şəkilli tağbəndlərə da rast gəlinir. Bu satdığımız xüsusiyyətlərin hamısı Müqəddəs İohann kilsəsində mövcuddur. Alban memarlığının izlərini aydın hiss olunan kilsədə ehtimal ki, işğaldan sonra bərpa etmə işləri aparılıb və zəng qülləsi əlavə edilib. Bu qüllənin materialı və tikilmə üslubu ümumi memarlıqla tərs mütənasibdir. Məbədə dair şəkillərə nəzər saldıqda bu fikrimizin gerçəyi əks etdirdiyini aydın bir şəkildə görmək mümkündür. Həmin materialdan kilsənin iç döşəməsini hazırlayarkən də istifadə olunub və bu kilsənin qədim memarlığına xələl gətirən yamaq kimi görünür.

Qarabağda talanan sadəcə sərvətlərimiz və bitki örtüyümüz deyil, eyni zamanda maddi mədəniyyətimiz, dinimiz, mədəni irsimiz, tariximiz də soyqırıma uğramış durumdadır. Çox təəssüf ki, mədəni abidələrdən bir çoxu tamamən dağıldığına görə onları bərpa etmək mümkün deyil. Lakin bir qismi salamat qalan bir çox dini-tarixi abidələrimiz də mövcuddur və onların mütəxəssislərin iştirakı ilə bərpa olunma ehtiyacı vardır.

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR