YUNESKO-dan daha bir ziddiyyətli addım: Dağlıq Qarabağda mədəni irsin qorunması
Təhsil, elm və mədəniyyət sahələrini vasitə kimi istifadə edən YUNESKO dünyada sülh quruculuğu prosesində vacib bir quruma çevrilmiş, bu istiqamətdə onun mədəni və təbii abidələrin dünya mədəni irs siyahısının xüsusi rolu olmuşdu. Lakin son dövrlərdə mübahisə doğuran addımları təşkilatın bu fəaliyyətinə kölgə salır. YUNESKO son illərdə atdığı ziddiyyətli addımlarla dünyanın media gündəmində yer alıb, bunun nəticəsində ABŞ və İsrail kimi dövlətlər BMT-nin mədəni qolu olan YUNESKO-nu tərk edib. ABŞ YUNESKO-nu “əsaslı islahatlar” aparmağa çağırarkən İsrail qurumu tarixi təhrif etməkdə günahlandırmışdı.
YUNESKO-nun belə ziddiyyətli yanaşmalarından biri də Dağlıq Qarabağda imzalanan son atəşkəs müqaviləsindən sonra qurumun diplomatik çəkişmələrə səhnə olduğu Cənubi Qafqazda meydana çıxıb.
Dağlıq Qarabağ və ətraf yeddi rayonun beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınmasına baxmayaraq, 30 il idi Ermənistanın işğalı altındaydı. Ötən ilin sentyabr ayının sonunda başlayan döyüşlərdən sonra 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli atəşkəs müqaviləsi nəticəsində ərazilərimiz yenidən Azərbaycanın nəzarətinə qaytarılıb. Lakin azərbaycanlılar erməni işğalından azad olunan şəhər və rayonlarda gördüklərindən sözün həqiqi mənasında sarsıntı keçiriblər, erməni vandalizmi nəticəsində insanlar öz dədə-baba torpaqlarını tanımaqda belə çətinlik çəkiblər.
Bu şəhərlərin əksəriyyətində məscidlər, müqəddəs yerlər və digər tarixi abidələr dağıdılıb, bəzilərinin ermənilər donuz və mal-qara üçün tövləyə çevirib. Qafqaz Albaniyasına aid bir çox qədim xristian kilsələri dağıdılıb, erməni vandalizminə məruz qalıb.
Azərbaycan tərəfi 1990-cı illərin əvvəlində baş verən Birinci Dağlıq Qarabağ müharibəsi nəticəsində erməni işğalı altına qalan ərazilərdə Azərbaycanın mədəni irsinə aid olan məscidlər, abidələr, muzeylər, incəsənət mərkəzləri, kitabxanalar, musiqi məktəbləri və teatrların baxımsız qaldıqlarını və hətta dağıdıldıqlarını dəfələrlə bəyan edib.
Bu hal tamamilə xarabalığa çevrilmiş Ağdam şəhərində xüsusi ilə nəzərə çarpırdı. 2014-cü ildə regiona səfəri zamanı ermənilərin mədəni irsə qarşı törətdiyi vəhşiliklərə şahidlik edən ingilis yazıçısı Corc Mitçel Ağdamı “ruhlar şəhəri” və “Qafqazın Xirosiması” adlandırmışdı. Azərbaycan tərəfinin erməni işğalı altında olan ərazilərdəki mədəni irsin qorunması üçün beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması istiqamətində dəfələrlə çağırışlar etməsinə baxmayaraq, 30 il beynəlxalq ictimaiyyət tərəfindən bu vəziyyətə biganə yanaşılıb və erməni tərəfinin razılığı olmadığına görə YUNESKO-nun heç bir nümayəndə heyəti Dağlıq Qarabağda fəaliyyət göstərə bilməyib.
Təəccüb doğurucu haldır ki, YUNESKO silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il tarixli Haaqa Konvensiyasına müvafiq olaraq üzv dövlətlərində mədəni irsi qorumaq kimi missiyası olduğunu bu yaxınlarda xatırlamışdır. Belə ki, 20 noyabr 2020-ci il tarixli mətbuat konfransında erməni çağırışlarına cavab olaraq YUNESKO tərəfindən “əhəmiyyətli mədəni sərvətlərin ilkin inventarizasiyasını aparmaq üçün müstəqil ekspertlərdən ibarət nümayəndə heyətinin yaradılması” təklif edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi YUNESCKO-a tərəf saxlamama kimi bir vəzifəsinin olduğunu xatırlatmaqla yanaşı, Dağlıq Qarabağda mədəni irsin qorunmasını siyasiləşdirməməyi tövsiyə edib. Qeyd etmək lazımdır ki, 1954-cü il Konvensiyasından bəri bir çox məhv və vandalizm hadisəsinin baş verməsinə baxmayaraq, dünyanın heç yerində YUNESKO heç bir missiyası həyata keçməyib.
Ermənilər evləri yandıraraq kilsələrin xaçlarını yerindən sökəndə, monastırların zənglərini oğurlayanda, tarixi və mədəni abidələrinin ətrafındakı əraziləri minalayanda, Dağlıq Qarabağı tərk edərkən məşhur tarixi xalçalar kimi qiymətli mədəni irs nümunələrini özləri ilə aparanda YUNESKO nədənsə susqunluq nümayiş etdirirdi. Nədənsə Qarabağda mədəni irsin, tarixi-dini abidələrin qorunması bu təşkilatın yadına indi düşür. Erməni vandalları işğal altında saxladığı ərazilərdə Alman, türk, Azərbaycan, müsəlman abidələrini, mədəni-tarixi, dini irsini yer üzündən siləndə isə susurdu, Azərbaycanın bununla bağlı bəyanatlarını, çağırışlarını qulaq ardına vururdu.
Azərbaycan isə hər zaman dünyəvi və çoxmədəniyyətli ölkə olması ilə seçilib. Azərbaycan onlarla kilsəni, o cümlədən Bakıdakı erməni, lüteran və rus-pravoslav kilsələrini, çoxsaylı sinaqoqları bərpa edib, eyni zamanda Fransa, Vatikan, Rusiya, Macarıstan və digər ölkələrdə kilsələrin bərpasına dəstək verib.
Azərbaycan dini tolerantlığın qədim tarixə malik olduğu bir ölkədir. Əhalisinin 90%-dən çoxunun müsəlman olmasına baxmayaraq, bütün dini azlıqlar ölkənin bütün bölgələrində bu ölkənin vətəndaşı olaraq qəbul edildiklərini və dəyərli olduqlarını hiss edirlər. Buna misal olaraq İsraildən sonra yəhudilərin bir yerdə yaşadıqları ən böyük yaşayış yerlərindən biri olan Quba rayonundakı Qırmızı qəsəbəni göstərmək olar. Yəhudilər heç bir ayrı seçkiliyə və nifrətə məruz qalmadan öz dini rituallarını yerinə yetirə bilirlər. Azərbaycanda dini və etnik azlıqlara bu cür tolerant münasibəti elə YUNESKO-nun baş qərargahının da yerləşdiyi Fransa kimi bir çox Avropa ölkələrində belə görmək mümkün deyil
YUNESKO-nun mədəni irsin qorunması məsələsində niyə tərəf tutaraq ikili standartlara yol verdiyi aydın deyil. Bir mədəni və dini irsi digərindən üstünmü tutur? Hər hansı diasporun təsiri altındadırmı? Təcavüzkar sosial media kampaniyalarının yaratdığı nüfuz risklərindənmi qorxur? Deyə bilmərik. Lakin səbəbi nə olursa olsun, YUNESKO-nun son cəhdlərinin səmərəsiz qaldığı görünür. Beynəlxalq qurum kimi YUNESKO mədəniyyətlərin qoruyucusu kimi öz missiyasını yerinə yetirməkdə ciddi olmaq istəyirsə, qlobal müstəvidə qərəzsiz və müstəqil aktor kimi etibarını bərpa etməlidir. Əks təqdirdə, gələcəkdə daha çox ziddiyyətlərin mərkəzinə çevrilmək riski var.