#
# 16:50
1 aprel 2024

Kadr potensialının inkişafı və dövlət qulluğu

Dünya internet, süni intellekt, yenilik və dəyişikliyi özündə ehtiva edən dördüncü sənaye inqlabını yaşayır. Bu proses yüksək bilik, bacarıqlar, səriştə və şəxsi keyfiyyətlərə malik insan kapitalının rolunu ildən-ilə artırmaqdadır. Dövlətlər peşəkar kadrların yetişdirilməsini önəmli məqsədlərdən biri kimi təyin edərək, bu istiqamətdə modern tənzimləmələrə və təşviq mexanizmlərinə üstünlük verirlər. 
Azərbaycanda kadr potensialının inkişafı üçün son dövrdə bir çox mühum işlər aparılır. 20 il öncə insan kapitalının inkişaf etdirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “qara qızıl”ı insan kapitalına çevirməyi qarşıya əsas məqsəd qoymuşdu. Biliklərin, səriştə və peşəkar bacarıqların əsas rol oynadığı müasir dünyada ölkəmizin Qlobal Rəqabət Qabiliyyəti İndeksinin yüksəlməsi həmin uğurlu siyasətin göstəricilərindəndir. 

Dövlət orqanlarının səmərəli fəaliyyəti kadrların öz vəzifə və səlahiyyətlərini nə dərəcədə peşəkar yerinə yetirməsindən, bu isə öz növbəsində onların bilik, bacarıq və səriştələrinin səviyyəsindən asılıdır. 

Azərbaycan Respublikasında dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə artıq 20 ilə yaxın müddətdir ki, dövlət qulluğuna qəbul müsabiqə  əsasında həyata keçirilir.  Bu da bilikli, bacarıqlı Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna cəlb edilməsinə imkan yaradır.

Dövlət qulluğuna qəbula dair ümumi statistik göstəricilər 

Ölkədə dövlət qulluğu və idarəetmə sisteminin inkişafına xidmət göstərən təşkilatlardan biri də Dövlət İmtahan Mərkəzidir. DİM-in  keçirdiyi dövlət qulluğuna qəbulla bağlı  müsabiqələr (test imtahanları və müsahibələr) namizədlərin bilik, bacarıq və şəxsi keyfiyyətlərini ölçmək üçün əsaslı təhlil və qiymətləndirmə prosesi tələb edir. Dövlət qulluğuna qəbul vasitəsi olan müsabiqələr, inzibati vəzifələrin tutulması vasitəsi olan ümumi və daxili müsahibələr həm də bilik və peşəkar bacarıqlarını artırmağa nail olmuş təcrübəli şəxslərin daha yüksək vəzifələrə təyin edilməsinə, onların potensialının effektiv şəkildə inkişaf etdirilməsinə şərait yaradır.

Ötən ilin statistik nəticələrinə nəzər salsaq, il ərzində Dövlət İmtahan Mərkəzi  dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə hər biri 6 imtahan olmaqla A və B növləri üzrə ümumilikdə 12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16200 namizəddən 4709 nəfəri imtahanlarda uğurlu nəticə əldə edib. 

Test imtahanlarında uğur əldə edərək sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetinin tələbələri ilk üç yerdə qərarlaşırlar. Test imtahanlarında uğur əldə edən şəxslərin yaş qrupları üzrə bölgüsünə əsasən qadın namizədlərin 18-24 yaş qrupu (42.80%), kişi namizədlərin isə 25-29 yaş qrupu (41.43%) üzrə ən yüksək nəticə əldə etdiyi məlum olub. 55 və daha yuxarı yaş qrupu üzrə uğurlu  nəticə  qeydə alınmayıb. 

Hesabat dövrü ərzində 110 dövlət orqanında vakant olan 1431 inzibati vəzifənin tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi üzrə elan verilib. Həmin vəzifələrin 150-i inzibati rəhbər vəzifələrə (A növü), 1281-i isə inzibati icraçı vəzifələrə (B növü) aid olub.
Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifəni Kənd Təsərrüfatı Nazirliyi (336 vəzifə) çıxarıb, ən çox müraciət isə Qida Təhlükəsizliyi Agentliyi üzrə (2073 müraciət) qeydə alınıb. 

Müsabiqənin müsahibə mərhələsində iştirak sayına görə kişilər (51.52%) üstünlük təşkil edib. Müsahibələrdə iştirak edənlərin əksəriyyəti gənclərdən (70.58%) ibarətdir. Namizədlər arasında 18-24, 30-34 və 35-39 yaş qruplarında qadınlar  üstünlük təşkil edib. 40 yaşdan yuxarı namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak edənlərin cəmi 2.32%-ni təşkil edib. Müsabiqənin müsahibə mərhələsində yaşı 60-dan yuxarı olan 2 namizəd də iştirak edib. 

Ötən il ərzində müsahibələrdə uğur əldə etmiş namizədlər 40-ı məhkəmə orqanı olmaqla, 67 dövlət orqanında 1003 vakant vəzifəyə təyin edilib. Ən  yüksək təyinat müsabiqə üzrə (493/49.15%) müşahidə edilir. Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparıb. 

Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici hesabat ili ərzində qeydə alınıbr. Belə ki, 13-ü məhkəmə orqanı olmaqla, 38 dövlət orqanında 364 vəzifəyə ehtiyat kadrlar təyin edilib. Müsabiqədən müvəffəqiyyətlə keçərək ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər 2022-ci ildə 178 analoji vəzifələrə təyin edilmişdisə, cari ildə bu say 47.75 %  artaraq 263 vəzifə olub.  

Ümumilikdə 2022-ci il ilə müqayisədə 2023-cü ildə dövlət qulluğu üzrə  imtahanlarda iştirak edənlərin sayı 13.7% artıb. Bu da ölkədə karyerasını dövlət qurumlarında davam etdirmək istəyən potensial kadrların ilbəil artdığına dəlalət edir.

Dövlət qulluğu sahəsində son illərdə hansı islahatlar aparılır?

Müasir dövrdə sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm olaraq artırılmasını və yenilənməsini zəruri edir. Bu isə yeni ixtisaslara yiyələnmək, mövcud ixtisaslara uyğun təyinatları həyata keçirmək, o cümlədən bu ixtisaslara müvafiq olaraq peşəkar səriştələrin inkişafına tələbatı artırır. Bu, qiymətləndirmə prosesinə innovativ yanaşmaları və inkişafı özündə birləşdirir. 

Dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilib.

Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

Eyni zamanda, Strategiyanın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət Qulluğu Məcəlləsi”nin  və bir sıra digər normativ hüquqi aktların layihələri hazırlanıb.

Dövlət qulluqçularının hazırlanması və peşəkarlığının artırılmasında “Səriştə modeli”nə keçid

Azərbaycanda dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sıra mühüm yeniliklərə imza atılmasını şərtləndirib ki, bu da öz növbəsində dövlət idarəçiliyi sahəsində fəaliyyət nəticələrinin proqnozlaşdırılması, daha uğurlu nəticələrin əldə olunmasını hədəfləyən tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha düzgün istifadə mexanizmlərinin hazırlanaraq istedadlı kadrların aşkarlanması və müvafiq vəzifələrə təyin olunması məsələlərini son illərdə aktuallaşdırıb. Beləliklə, Dövlət İmtahan Mərkəzi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 5.4-cü bəndinə əsasən dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq edilməsi istiqamətində işləri ötən il ərzində davam etdirib. Növbəti illərdə isə bu fəaliyyətin davamı olaraq dövlət qulluğuna qəbulun səriştə modeli əsasında həyata keçirilməsi nəzərdə tutulub. DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, dövlət qulluğunda səriştə modelinin tətbiqi namizədlərin indiki potensialını və çalışdığı sahədə gələcək üçün inkişafını müəyyən etməyə şərait yaradacaq. Sədr qeyd edib ki, 2023-cü ildən etibarən bu mövzuda elmi araşdırmalar aparılır, pilot layihələr hazırlanır və bu addımların müzakirəsi əsasında yeni normativlər hökumətə təqdim edilir. O, əlavə edib ki, 2025-ci ilədək səriştə modelinə keçidə nail olmaq qarşıya qoyduğumuz əsas hədəflərdəndir. 

Cəmiyyət daim inkişaf edir və bu dəyişikliklər davamlı, çoxşaxəli və mərhələli islahatlar tələb edir. Hazırkı tendensiyalar və inkişaf hədəfləri kadr inkişafına və ixtisaslaşmasına, o cümlədən yüksək potensiallı kadrların müvafiq vakant vəzifələrə təyin edilməsinə imkan yaradır. Azərbaycanda Prezident İlham Əliyevin "Yaşıl enerji" zonası elan etdiyi - ölkəmizin işğaldan azad edilmiş torpaqlarında həyatın yenidən dirçəldilməsi, bu ərazilərdə “Böyük Qayıdış” Dövlət proqramının icrası, həmin zonalara qayıdan keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı tədbirlər, yeni istehsal sahələri və sənaye müəssisələrinin yaradılması, bu ərazilərdə dövlət qulluğuna müasir idarəetmə səriştələrinə malik kadrların təyin edilməsi üçün  fürsətdir. İnanırıq ki, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətin və islahatların  şaxəsi olaraq dövlət qulluğunda səriştə modelinin tətbiqi ölkənin inkişafına töhfə verəcək effektiv addımlardan olacaq. 

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR