#
# 17:37
12 fevral 2024

Ölüb? Yox, ölməyib: Mediada ölüm xəbəri yarışı və ya sosial mediaya inanaqmı?

Sosial şəbəkənin hər kəsə eyni tribunanı verməsi, hər kəsə eyni boyda meydan haqqını tanıması, aşağı-yuxarı, bütün istifadəçilərin xəbər istehsalçısına çevrilməsinə şərait yaradır. Təəssüflə qeyd etməliyik ki, artıq peşəkar media məhz sürət və auditoriya baxımından sosial şəbəkəyə uduzur. Çünki sosial şəbəkə istifadəçisi hər hansı məlumatı dəqiqləşdirmək məsuliyyəti hiss etmir. Bu məsuliyyət olmadığı üçün onu öz istifadəçisinə cəmi bir toxunuşa çatdıra bilir. Lakin hər hansısa saytda, qəzetdə, jurnalda, eləcə də televiziyanın özündə bu xəbərin təsdiq, yaxud təkzib edilməsi bir qədər zaman alır.

 

Bunun bariz nümunəsini son dövrlərdə məşhur simaların ölüm xəbərləri ilə bağlı baş verən anlaşılmaz situasiyalarda gördük. Məsələnin ən acınacaqlı tərəfləri isə həmin kəslərin ailə üzvlərinin, yaxınlarının, dostlarının yalan informasiyalar arasında çaş-baş vəziyyətə düşməsi, yekunda bütün günahların məhz medianın üzərində qalması idi.

 

Məsələn, bəhsi keçən anlaşılmaz situasiya millət vəkili Qənirə Paşayevanın, əməkdar artist Aygün Bəylərin hələ xəstə yatağında olduğu zamanlarda baş vermişdi. Eyni hal bu gün hazırda Türkiyədə müalicə alan bəstəkar Cavanşir Quliyevlə bağlı yaşandı. Sosial şəbəkə deyilən etibarsız platforma xəbərin mənbəyinə çevrilmiş və əksər media orqanları sürət yarışında, ən azından, onlarla ayaqlaşmaq naminə məhz həmin platformanı özünün istinad mənbəyinə çevirərək yalan informasiyanın tirajlanmasına şərait yaratmışdı.

 

Bir neçə il öncə aktyorlardan birinin ölüm xəbərini yayan sosial şəbəkə səhifələrindən birinə məhz aktyorun özü şərh yazmışdı ki, xəbər yalandır, mən ölməmişəm. Aktyorun bu şərhinə səhifədən belə bir cavab verilmişdi ki, ola bilməz, dostları təsdiq edib, ölmüsünüz. Təkcə bu misal sosial şəbəkənin necə qeyri-ciddi, məsuliyyətsiz, çox hallarda əsassız mənbə olduğunun sübutudur.

 

Yaxud böyük muğam ustadı, Xalq artisti Arif Babayev yaşından dolayı bir neçə dəfə xəstələnmiş, müəyyən müalicə kursları almışdı. Sənətkarın xəstə yatağına düşməsini yenə də sosial şəbəkədə dəfələrlə “Vəfat etdi” başlığı ilə gördüyümüz hallar olub.

 

Şükür ki, Arif Babayev hələ də bizimlədir.

 

Diqqət yetirilməli ən vacib və anlamalı olduğumuz məqamlardan biri isə haqqında yalan xəstəlik, vəfat xəbəri yayılan şəxsin ailə üzvlərinin, yaxınlarının, dostlarının, çevrəsinin, onu sevənlərin bundan hansı vəziyyətə düşməsidir. Özümüzü həmin insanların yerinə qoyub, bu cür yalan vəfat xəbərlərinin onların sağlamlığına hansı mənəvi, fiziki təsir göstərəcəyini başa düşmək axı o qədər də çətin olmamalıdır.   

 

Yaxşı, bəs bu cür situasiyalarda media nə etməlidir?

 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkədə məsuliyyət hissinin olmamasını əsas gətirərək, ciddi media orqanlarının oraya istinadını düzgün hesab etmir.

 

“Bu barədə dəfələrlə seminarlar keçirilib, maarifləndirmə işləri aparılıb. Bu mənada, media subyektləri mümkün dərəcədə sosial şəbəkəyə istinaddan qaçmalıdır. Bəli, sosial şəbəkə operativlik, çeviklik baxımından, müəyyən mənada, irəlidədir və saytlar, hətta televiziyalar oradan bəhrələnib maraqlı xəbərlər götürürlər. Lakin ciddi media subyektləri öz nüfuzlarını mütləq şəkildə nəzərə almalı, sosial şəbəkədə tirajlanan xəbərləri dəqiqləşdirmədən dərc etməməlidir”, - o, APA-ya açıqlamasında bildirib.

 

Yeddidən-yetmiş yeddiyə hər kəsi sosial fiqura çevirən bu cür platformalar uzun müddətdir ki, Azərbaycan cəmiyyəti arasında ciddi müzakirələrə səbəb olur.

 

Rəşad Məcid bu cür halların tez-tez yaşandığını bildirərək müxtəlif yaş və kateqoriyaya aid olan, müxtəlif dünyagörüşünə malik adamların dezinformasiya yayması ilə mübarizənin yalnız media savadlılığı ilə mümkün olacağını deyir.

 

“Bu “Media haqqında” qanunda da əksini tapıb. Yəni hər yazılan xəbər doğru deyil, hər yazılan xəbərə inanmaq olmaz. Mən hesab edirəm ki, zamanla bu problemlər aradan qalxacaq və artıq cəmiyyət sosial şəbəkənin ciddi mənbə olmadığını başa düşəcək, yalnız etibarlı xəbər subyektlərinə etimad göstərəcək”, - Rəşad Məcid vurğulayıb.

 

Aydın məsələdir ki, media subyektləri sosial platformaların heç də hər zaman doğru, səhih və etibarlı xəbər dərc etmədiyini bilir. Lakin sosial şəbəkənin həddindən ziyadə əlçatan olması, bunun nəticəsində dəqiq, yaxud qeyri-dəqiq xəbərin, az qala, bir neçə saniyənin içində hər evə daxil olması ehtimalını nəzərə alaraq müxtəlif dəqiqləşdirmələr aparır. Bu dəqiqləşdirmələr məşhur simaların ölüm xəbərləri ilə bağlı olarsa, ya ailəsi ilə, ya müalicə aldığı xəstəxana (belə hal varsa), ya da aidiyyəti dövlət qurumları ilə əlaqə mümkündür. Kəsin ailəsini tapmaq, yaxud onunla bu mövzuda birbaşa kontakta keçmək bir qədər qeyri-etik davranış olduğu üçün bu məqamda önə daha çox aidiyyəti dövlət qurumları çıxır.

 

Yaxşı, bəs sözügedən qurumlar bu cür situasiyalarda hər zaman media ilə çevik kontaktın, qarşılıqlı xəbərləşmənin tərəfdarıdırmı? Çox təəssüf ki, bu suala da müsbət cavab vermək olmur.

 

Əgər sosial şəbəkədə yayılan əsassız xəbərlərin dərci ilə mübarizə aparırıqsa, bunun üçün hansısa xəbəri konkret mənbə ilə yaymağın tərəfdarıyıqsa, o zaman niyə aidiyyəti dövlət orqanları media ilə işləməkdən boyun qaçırır?

 

MEDİA-nın Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu APA-ya deyib ki, dövlət qurumları mütləq şəkildə jurnalistlərin sorğularına cavab verməlidir.

 

“Bu sorğulara vaxtında ona görə cavab verməlidir ki, şayiələr yayılmasın. Bu isə, öz növbəsində, dezinformasiya mühiti yaradır, yaranan bu mühiti sonradan doğru, lakin artıq gecikmiş xəbərlə təmizləmək çətin olur. Bu mənada, jurnalistlər də hər hansı xəbəri bir yox, bir neçə mənbədən dəqiqləşdirməlidir. Son zamanlar xüsusilə ictimai şəxslərin vəfat xəbəri ilə bağlı bu cür anlaşılmaz situasiyalar tez-tez yaranır. Ümumiyyətlə, şayiələrdən istifadə etməklə dezinformasiya mühitinin yaradılması yalnız vəfat xəbərləri ilə bağlı deyil. Xatırlayırsınızsa, 44 günlük Vətən Müharibəsi, eləcə də anti-terror tədbirləri zamanı biz nə qədər çağırışlar edirdik. Nəzərə almaq lazımdır ki, yaranan və yayılan dezinformasiyalar cəmiyyətdə mediaya inamı azaldır. Bu isə olduqca ciddi məqamdır. Cəmiyyətdə hamı sosial media ilə peşəkar media arasında fərqi bilmir. Bu mənada, professionallıq və dəqiqlik hər zaman öndə saxlanılası prinsiplərdir”, - o əlavə edib.

 

Əgər sosial şəbəkə cəmiyyət arasında sırf əlçatanlılıq baxımından daha əlverişli məlumat bazası hesab edilirsə, o halda, yaxşı olar ki, media subyektləri özlərinin sosial şəbəkə hesablarını daha aktiv tutsunlar, daha çevik, daha operativ və daha anlaşılan mənbə kimi formalaşdırsınlar.

 

Vüqar Zifəroğlu dünyanın nüfuzlu media orqanlarının, bu mənada, özlərinin sosial şəbəkə hesablarını təkmilləşdirdiklərini xüsusilə vurğulayıb.

 

“Sosial şəbəkə heç bir halda rəsmi informasiya qaynağı hesab edilə bilməz. Sosial şəbəkə bilgi alış-verişinə, asudə vaxtın səmərəli keçirilməsinə xidmət edəcək platforma ola bilər. Bizim peşəkar media subyektlərinin özlərinin rəsmi sosial şəbəkə hesabları var. Bu artıq beynəlxalq jurnalistikada qəbul edilmiş praktikadır. İri media subyektləri informasiyaları daha geniş kütləyə və daha çevik formada çatdırmaqdan ötrü özlərinin sosial şəbəkə hesablarını yaradırlar və oradan aktiv formada istifadə edirlər. Təbii ki, bu səhifələrin yaydığı kontent mötəbərdir və etibarlıdır. Amma hansısa şəxsin, səhifənin, qrupun yaydığı məlumata hansısa peşəkar xəbər subyektinin istinad etməsi nə dərəcədə doğru ola bilər? Biz professional jurnalistikadan və xəbərçilikdən danışırıqsa, bunun fəlsəfəsi tamamilə başqadır.

 

Professional jurnalistika, ilk növbədə, dəqiqlik və obyektivlik tələb edir. Sosial şəbəkədə müxtəlif səpkili subyektiv fikirlər də yayıla bilər, bu təbiidir, lakin peşəkar medianın onlara istinad edərək yola çıxmasının nə dərəcədə doğru və peşəkar yanaşma olduğunu mütləq düşünmək lazımdır”, – Vüqar Zifəroğlu deyib.

 

Beləliklə, nəticə etibarilə, peşəkar media hər nə qədər sosial şəbəkəyə, onun diqqət cəlb etmək üçün son dərəcədə məsuliyyətsiz kəsimlərinə uduzsa da, peşəkarlıq və nüfuzu naminə sürət yarışında gecikmələri gözə almalı, müəyyən dəqiqləşdirmələri aparmalı, bir qədər təmkinli davranmalıdır. Eləcə də aidiyyəti dövlət qurumları bu cür dezinformasoya mühitinin yaranmaması, yaranıbsa, qarşısının alınması üçün professional media ilə müştərək və operativ iş görməlidir.

Təki ölüm olmasın!..

 

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR