Azərbaycanda əhalinin güzəştli şərtlərlə kompüterlə təmin olunması layihəsinin icrası intensivləşir

Azərbaycanda əhalinin güzəştli şərtlərlə kompüterlə təmin olunması layihəsinin icrası intensivləşir
# 02 aprel 2009 09:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Hazırda Azərbaycanda əhalinin hər 100 nəfərinə 5 ədəd kompüter düşürsə, «Xalq kompüteri» layihəsi reallaşdıqdan sonra ölkə üzrə bu göstəricinin 4-5 dəfə artaraq 20-25-ə çatacağı gözlənilir.
HP şirkətinin Azərbaycan nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Təhsil Nazirliyi (TN), habelə HP və «Microsoft» şirkətlərinin birgə həyata keçirdiyi bu layihənin büdcəsi və maliyyələşdirmə mənbəyi müəyyən olunub. «Xalq kompüteri»nin maliyyələşdirmə mənbəyi barədə məlumatı layihənin işçi qrupu aprel ayının ikinci dekadasında keçiriləcək təqdimat mərasimində açıqlayacaq.
Xatırladaq ki, RİTN və HP şirkəti layihə çərçivəsində alınacaq kompüter və noutbuklar üzrə ödənişlərin vaxtı-vaxtında ödəniləcəyinə zəmanət verəcək. Pilot layihəsi cari ilin iyun ayına qədər HP şirkəti və onun Azərbaycanda rəsmi distribütoru olan «Bestcomp» şirkəti tərəfindən həyata keçiriləcək. Pilot layihəsi çərçivəsində kompüterlər məktəb müəllimlərinə təqdim ediləcək.
İlkin mərhələlərdə 5 növ kompüterin təqdim olunması təklif edilir. Bu, bir neçə qiymət kateqoriyasına aid olan noutbuk, netbuk adı ilə tanınan mini-kompüter və stasionar kompüterlər olacaq. Kompüterlərin faizsiz kreditlə 2-3 il müddətinə veriləcəyi gözlənilir.
Kompüter istehsalçıları istehsal xəttini təşkil etməklə yanaşı sifariş olunmuş kompüterləri təyin edilmiş müddət ərzində «Azərpoçt» Dövlət Müəssisəsi (DM) vasitəsilə göndərilməsini, zəmanət müqaviləsi əsasında və ondan sonrakı dövrdə lazımı xidmət və texniki dəstəklə təmin edilməsini öhdəsinə götürəcək.
Kompüter sifarişi «Azərpoçt» DM-nin bütün regional məntəqələrində qəbul olunacaq. Kompüterlərin qiymətləri rəqabətli və bütün regionlar üçün eyni olacaq. Alıcı əldə edəcəyi malın qiymətinin bir hissəsini əvvəlcədən, qalan məbləğini isə çatdırıldıqdan sonra ödəyəcək.
Sifarişin ödənişi elektron sistem vasitəsi ilə aparılacaq, malların çatdırılması EMS ekspress-çatdırma xidməti ilə həyata keçiriləcək. Hər sifariş fərdi EMS nömrəsi ilə nişanlanacaq ki, bu da onu «AzərEkspressPoçt» rabitə müəssisəsinin İnternet səhifəsi vasitəsi ilə bütün yol boyu hərəkət etməsini izləməyə imkan yaradacaq. Artıq bu məqsədlə «Azərpoçt» və «AzərEkspressPoçt» müəssisələri tərəfindən birlikdə www.azems.az veb-saytı da hazırlanıb.
Xatırladaq ki, «Xalq kompüteri» layihəsinin başlıca məqsədi əhalini güzəştli şərtlərlə kompüterlərlə, kompüterləri isə lisenziyalı proqramlarla təmin etməkdən ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR