Azərbaycan və Finlandiya xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və Finlandiya xarici işlər nazirləri arasında görüş keçirilib
# 15 may 2014 14:28 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı finlandiyalı nazir E.Məmmədyarovun səfərinin iki ölkə arasında münasibətlərin inkişafında önəmli rol oynadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycan və Finlandiya arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirmiş, bunun üçün biznes forumların təşkilinin və iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacib olduğunu qeyd etmişdir.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda qarşı tərəfə ətraflı məlumat verib və Azərbaycanın münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarı olduğunu qeyd edib. O, BMT TŞ-nin münaqişənin həlli ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan tərəfindən onların icra olunmadığını bildirib. Bu baxımdan Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Avropa Şurasında sədrliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR