Borçalıda Məmməd Arazın gürcü və Azərbaycan dillərində nəşr olunan “80 şeir, 80 yaş” kitabının təqdimatı keçirilib - FOTO

Borçalıda Məmməd Arazın gürcü və Azərbaycan dillərində nəşr olunan “80 şeir, 80 yaş” kitabının təqdimatı keçirilib  - <span style="color: red;">FOTO
# 05 noyabr 2013 16:42 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Borçalıda Azərbaycanın xalq şairi Məmməd Arazın gürcü və Azərbaycan dillərində nəşr olunan “80 şeir, 80 yaş” kitabının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Məmməd Arazın şeirlərindən ibarət yenicə nəşr olunan kitabın redaktoru Mirzə Məmmədoğlunun təşəbbüsü və təşkilatçılığı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə keçirilib.

Kitab “Universal” nəşriyyatında nəşr olunub. Kitabın təqdimat mərasimində iştirak edən azərbaycanlı və gürcü ziyalıları Məmməd Araz barədə ürək sözlərini, xatirələrini danışıblar.

AMM-in təhsil şöbəsinin müdiri Mikayıl Mustafayev, kitabın redaktoru və tərtibçisi Mirzə Məmmədoğlu, gürcü tərcüməçisi Zezva Medulaşvili, şair-tərcüməçi Aleko Qabelaya və azərbaycanlı ziyalılardan Səttar Məmmədov, Zahid Nəsibov, Musa Ömərov, professor Mahmud Hacıxəlilov, şairlərdən İbrahimxəlil, Səyavuş Uyğun, Vüqar Vəkiloğlu, jurnalistlərdən Binnət Əlioğlu, Elman Kələyev və başqaları çıxış edərək, Məmməd Araz şeirlərinin fəlsəfi tutumundan söz açıb, hələ 30 il əvvəl Məmməd Arazın gürcü dilində “Vəsiyyət” adlı kitabının nəşr edildiyini və onun yaradıcılığının gürcü oxucularına yaxşı tanış olduğunu, xüsusən yeni nəşr olunan “80 şeir, 80 yaş” adlı kitabın şairin 80 illiyi yubileyi ərəfəsində layiqli töhfə olduğunu bildiriblər.

Yeni yaradılmış Gürcüstan Yazıçıları Milli Akademiyasının Nəşriyyat direktoru, Məmməd Arazın tərcüməçilərindən biri Avtandil Çxaidze Məmməd Araz poeziyasının vurğunu olduğunu və onun şeirlərini sevə-sevə tərcümə etdiyini bildirib, şairin “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeirini gürcü dilində oxuyub.

Tədbirin sonunda aşıq Qərib Məmmədovun oxuduğu sözləri Məmməd Araza məxsus mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR