Səhiyyə Nazirliyi tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı müraciətə cavab verib

Səhiyyə Nazirliyi tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı müraciətə cavab verib
# 27 dekabr 2013 07:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar Niftəliyevin Səhiyyə Nazirliyinə etdiyi müraciətə cavab verilib.

Bu barədə APA-ya açıqlamasında A. Niftəliyev özü məlumat verib. A. Niftəliyevin sözlərinə görə, Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyi müraciətə cavabında Elnarə Tofiqqızının “Medi Sina” klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib: “Bu gün Səhiyyə Nazirliyindən rəsmi məktub almışam. Məktubda qeyd olunur ki, Elnarə Niftəliyevanın “Medi Sina Klinikası” özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya “Medi Sina Klinikası” özəl tibb müəssisəsində “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib”.

A.Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G.Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, “anesteziya metodunun seçilməsi”nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib: “Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb. Narkozun verilməsinin yeganə səbəbi həkimlərin əməliyyatın ağır olduğu təsəvvürünü yaratmaqla, daha çox pul almaq istəyidir. Həkimlərin əvvəlcədən əlbir olaraq qurduqları planın faciəsini yaşayıram və Azərbaycan səhiyyəsində bu cür dələduzluqların qarşısının alınması üçün addımı artıq Baş Prokurorluq atmalıdır. Fakt ortadadır, mütəxəsislər rəy verib və cinayət işi birbaşa cənab baş prokurorun nəzarətindədir. Ümid edək ki, Baş Prokurorluq qısa müddətdə öz sözünü deyəcək”.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb.

Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR