AMEA Azərbaycan Milli Təbiət Tarixi Muzeyinin yaradılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaq

AMEA Azərbaycan Milli Təbiət Tarixi Muzeyinin yaradılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaq
# 25 dekabr 2013 15:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsənbəy Zərdabi adına Azərbaycan Milli Təbiət Tarixi Muzeyinin yaradılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaq.

APA-nın xəbərinə görə, bu barədə qərar dekabrın 25-də AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, xalqın qədim və zəngin tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması işində muzeylər əvəzolunmaz rol oynayır. Əksər muzeylər elm və mədəniyyətin yalnız bir sahəsini nümayiş etdirdiyi halda təbiət tarixi muzeyləri ölkənin geoloji inkişaf tarixinin bütün aspektlərini əhatə edir. Bu tip muzeylərin əsas məqsədi ölkə ərazisində həyatın əmələgəlmə tarixini, geoloji keçmişini, bənzəri olmayan flora və faunaları, həmçinin konkret coğrafi şəraitdə insanın formalaşma və mədəni inkişaf tarixini, qədim və müasir yaşayış dövrlərindəki ekoloji şəraiti nümayiş etdirməkdir. Bu mənada 1945-ci ildən Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən H.Zərdabi adına Təbiət Tarixi Muzeyi xüsusi əhəmiyyətə malikdir.


Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov xatırladıb ki, muzeyin əsası 1920-ci ildə qoyulmuş və fəaliyyətə diyarşünaslıq-pedaqoji dərnək kimi başlayıb. Sonralar Mədəniyyət və Maarif nazirliklərinin müxtəlif qurumlarının nəzdində fəaliyyətini davam etdirib. Qurum 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının, 1945-ci ildə isə Geologiya İnstitutunun tərkibinə daxil olub. Bu elm və mədəniyyət ocağı respublikamızda yalnız mədəni və elmi maarifləndirmə mərkəzi deyil, həm də turizmin inkişafında önəmli rolu olan obyektdir. Hazırda muzeyin işinin təkmilləşdirilməsi, qabaqcıl maarifləndirmə sisteminə malik ölkələrin təcrübəsinə əsaslanaraq müasir tələblərə uyğun qurulması böyük ehtiyac kimi duyulur.


AMEA-nın nəzdində yaradılması nəzərdə tutulan H.Zərdabi adına Milli Azərbaycan Təbiət Tarixi Muzeyinin Əsasnaməsi təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR