Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Kiyevdə diaspor rəhbərinin güllələnməsinə münasibət bildirib

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Kiyevdə diaspor rəhbərinin güllələnməsinə münasibət bildirib
# 15 may 2014 09:31 (UTC +04:00)

Komitənin şöbə müdiri Rizvan Əliyev APA-ya bildirib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevin güllələnməsi onlarda ciddi narahatlıq yaradıb.

R.Əliyev bildirib ki, hadisənin baş verməsindən 20 dəqiqə sonra bu barədə komitəyə məlumat daxil olub: “Məsələ Komitə rəhbərliyinin də ciddi nəzarətindədir. Rövşən Tağıyev Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. Bu hadisədən təəssüflənirik. Dövlət Komitəsi baş verənlərlə bağlı mütəmadi olaraq məlumat alır. Hadisə haqqında yerində, daha ətraflı məlumat almaq üçün komitənin iki əməkdaşı Ukraynaya ezam olunub. Hazırda istintaq gedir və inanırıq ki, bu cinayət hadisəsinin motivləri tezliklə müəyyən ediləcək, cinayətkarlar aşkara çıxarılaraq layiqli cəzalarını alacaqlar”.

Komitə rəsmisi vurğulayıb ki, Azərbaycan diaspor fəalına qarşı sui-qəsdin motivləri barədə hansısa versiya irəli sürmək hələ tezdir: "Biz Rövşən Tağıyevin özü ilə də intensiv əlaqə saxlayırıq. O da hər hansı dəqiq ehtimalının olmadığını bildirib. Biz öz səlahiyyətlərimiz çərçivəsində bütün zəruri addımları atacağıq. Eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyi ilə də məsləhətləşmələr aparırıq. Kimliyindən, vəzifəsindən, ictimai statusundan asılı olmayaraq, hər bir azərbaycanlının çətin anlarında yanında olmaq bizim vəzifəmizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR