Azərbaycan Asiya İnkişaf Bankının 47-ci İllik Toplantısında iştirak edir

Azərbaycan Asiya İnkişaf Bankının 47-ci İllik Toplantısında iştirak edir
# 03 may 2014 09:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qazaxıstanın paytaxtı Astanada Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci İllik Toplantısı öz işinə başlayıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlərin iştirak etdiyi tədbirdə Azərbaycanı maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

"Dəyişən Dünya ilə Asiyanı birləşdirən İpək Yolu" devizi altında keçirilən illik toplantının əsas mövzusu təkmilləşdirilmiş regional keçid və Mərkəzi Asiyada artıma nail olmaqdır. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra plenar iclaslarda, o cümlədən “Asiya-Sakit Okean regionunda dəqiqləşdirilmiş inkişaf məqsədlərinə doğru” və “Asiyanın iqtisadi perspektivləri” mövzularında iclaslar, “II Ümumdünya antiböhran konfransı” və digər tədbirlərdə iştirak edib.

Təkcə Asiya regionunun deyil, ümumilikdə bütün dünya dövlətlərinin, eyni zamanda aparıcı maliyyə və biznes mərkəzlərinin diqqət mərkəzində olan bu nüfuzlu tədbir 2015-ci ildə Bakı şəhərində keçiriləcək. Məhz buna görə də beynəlxalq toplantının keçirildiyi Astananın Müstəqillik sarayında Azərbaycanın tanıtımı məqsədilə ayrıca pavilyon qurulub. Pavilyonda ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı, əldə etdiyi uğurlar təqdim edilir. Bundan başqa, quraşdırılmış xüsusi monitorlarda Azərbaycan haqqında müxtəlif video-çarxlar da nümayiş olunur. Olduqca maraqlı və zövqlə yaradılmış pavilyon iştirakçıların böyük marağına səbəb olub, tədbirin keçirildiyi günlərdə Azərbaycan pavilyonuna çoxlu sayda xarici ölkə təmsilçiləri baş çəkərək, ölkəmiz haqqında ətraflı məlumat alırlar. Eyni zamanda Azərbaycan pavilyonu dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub, “CNBS” və digər nüfuzlu KİV-lər bu barədə ayrıca reportaj hazırlayıblar. İllik toplantı mayın 5-də işini yekunlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR