Bakıdakı “Aşurbəy” Məscidində əməliyyat keçirilməsi barədə yayılan məlumatlara münasibət bildirilib

Bakıdakı “Aşurbəy” Məscidində əməliyyat keçirilməsi barədə yayılan məlumatlara münasibət bildirilib
# 20 iyun 2014 14:41 (UTC +04:00)

İcmanın sədri Faiq Mustafa APA-ya açıqlamasında məsciddə əməliyyat keçirilməsi barədə məlumatları təkzib edib: “Bizim məsciddə hər hansı əməliyyat keçirilməyib. Lakin bir aydan çoxdur ki, hər cümə günü səhər saatlarından polis əməkdaşları məscidin ətrafında post quraraq namaza gələnləri məscidə buraxmır. Səbəbini də bizə demirlər. Bu nə deməkdir, başa düşə bilmirik. Bu səbəbdən neçə cümədir ki, namaza qatılan yoxdur. Cümə namazında məscid heç boş olar?”

Faiq Mustafa, həmçinin bu gün dindarlar arasında saxlanılanların olması barədə yayılan məlumatlara “Saxlanılanlar olsaydı, məlumatımız olardı”, - deyə münasibət bildirib.

Səbail rayon Polis İdarəsindən də APA-ya “Aşurbəy” Məscidində əməliyyatın keçirilməsi barədə yayılan məlumatları təsdiqləməyiblər. Bildirilib ki, məsciddə cümə namazına toplaşanların sayı çox olduğundan polis sadəcə, dindarların məsciddən kənarda namaz qılmasına mane olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, polis əməkdaşlarının “Aşurbəy” Məscidində əməliyyat keçirməsi barədə nazirliyin mətbuat xidmətindən hər hansı məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR