Mişel Platini: «Totalizator futbolun inkişafına mane olur»

Mişel Platini: «Totalizator futbolun inkişafına mane olur»
# 25 may 2013 04:45 (UTC +04:00)

Bakı-APA. UEFA prezidenti Mişel Platini futbolun inkişafına 3 amilin mane olduğunu bildirib. Bu barədə APA İTAR-TASS-a istinadən məlumat verir.

«Birincisi danışılmış oyunların təşkili və totalizatordur. Biz öz idman növümüzü bütün vasitələrlə bu neqativ haldan qoruyuruq, lakin təəssüf ki, hərdən bu kifayət etmir... Bizə qarşı olanlar xırda fırıldaqçılar deyil. Hətta bir danışılmış oyun çoxdur, çünki o futbolun mahiyyətinə zərbə endirir», deyə Platini vurğulayıb.

UEFA rəhbəri həmçinin diskriminasiya probleminə diqqət yönəldib. «Təəssüf ki, bir çox hallarda cəmiyyətin bir sıra bəlaları futbola da təsir edir. İrqi və gender ayrı-seçkiliyi futbolda hələ də var. Və biz hərəkət etməliyik. Profilaktik tədbirlər görülməlidir. Bundan əlavə lazımi sanksiyalar da tətbiq edilməlidir», deyə o əlavə edib.

Üçüncü neqativ hal kimi Platini bir sıra Avropa klublarının maliyyə vəziyyətini göstərib. «Maliyyə "feyr-pleyi" qaydaları uzunmüddətli maliyyə sabitliyini təmin etmək üçün yaradılmışdı. Bu layihənin mahiyyətini bir cümlədə belə demək olar: "Qazandığınızdan çox pul xərcləməyin». UEFA bu vəziyyətə müdaxilə etməyə məcburdur və qaydalara əməl etməyən klublar müstəqil instansiyalar tərəfindən cəzalandırılacaqlar», deyə UEFA prezidenti bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR