Bakıda «Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri» mövzusunda konfrans keçirilib

Bakıda «Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri» mövzusunda konfrans keçirilib
# 04 iyul 2013 10:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə «Startup Azerbaijan» layihəsi çərçivəsində «Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri» mövzusunda konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, konfransın məqsədi ölkədə internet biznesin, xüsusilə də milli «startup»ların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

Konfransda çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə gələcək iqtisadi hədəflərin iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulduğunu, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, xüsusən bu sahədə innovativ sahibkarlıq üçün əlverişli, münbit şəraitin yaradılacağını bildirib.


Qarşıdakı 8-10 il ərzində ölkədə rəqabət qabiliyyətli, ixrac potensiallı innovativ xidmət və məhsulların istehsalının genişləndirilməsinə diqqət çəkən nazir Azərbaycan bazarının əslində kiçik ölçülü olduğunu, buna rəğmən bazarın çəkisinin artmasında innovativ inkişafın əsaslı rol oynayacağını vurğulayıb. Bu baxımdan «startup»ların yaradılmasının dövlət siyasətində əsas xətlərdən birini təşkil etdiyini də deyən Ə.Abbasov onların səmərəli şərtlərlə fəaliyyətinin, uğurlu inkişafının təmin edilməsi məqsədilə ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. İnnovativ ideyaların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstəklənəcəyini vurğulayan nazir «startup»çılara ilk növbədə ideyalarının patentləşdirilməsini tövsiyə edib.


Konfransda çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti, «Startup Azerbaijan»ın rəhbəri Osman Gündüz qeyd edib ki, məqsəd ölkədə internet-biznesin, xüsusilə də milli «startup»ların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.


Tədbir çərçivəsində «Startup Azerbaijan» layihəsinin yekunları haqqında təqdimatlar edilib, eyni zamanda «Startup Azerbaijan» müsabiqəsinin finalçıları elan olunub. Həmçinin konfrans «İnternet layihələrə dövlətin və özəl sektorun dəstəyi. İT investor nə üçün tapılmır?», «Milli ödəmə sistemləri və mobil ödəmələr. Elektron ticarət və «nağdsız cəmiyyət», «Azərbaycanda mövcud online «startup» bazarı. Yeni ideyalar, yoxsa köhnə, artıq mövcud ideyaların «kopya»sı? «Startup» var pul yoxdur, yoxsa pul var «startup» yoxdur?» kimi mövzular ətrafında 3 panellə davam etdirilib. Daha sonra konfrans ərəfəsində finala çıxan «startup»larla investorların qapalı görüşü təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR