Bernd Şuster Azərbaycana gəlir

Bernd Şuster Azərbaycana gəlir
# 12 aprel 2013 09:30 (UTC +04:00)

Bakı – APA. Avropa futbolunun məşhur simaları Azərbaycana gələcəklər. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının sabiq baş məşqçisi Bernd Şuster bu ayın sonunda Bakıya təşrif buyuracaq. 59 yaşlı almaniyalı mütəxəssis mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq yoldaşlıq görüşünə dəvəti qəbul edib.

Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov “Real” və “Barselona”da oynamış Şusterlə yanaşı, “Milan”ın sabiq futbolçuları Jan-Pyer Papenlə Dari Şimiçin də razılıqlarını verdiyini bildirib. Papen ötən il “Bakı”nın, Şimiç isə AFFA-nın dəvəti ilə ölkəmizdə olub. Sonuncu ölkəmizdə keçirilən 17 yaşadək qızlardan ibarət dünya çempionatının səfiri idi.

Qeyd edək ki, Şuster 2011-ci ildə “Beşiktaş”dan gedəndən sonra işsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR