31 mart soyqırımının qurbanları müxtəlif ölkələrdə anılacaq

31 mart soyqırımının qurbanları müxtəlif ölkələrdə anılacaq
# 28 mart 2013 14:01 (UTC +04:00)

Bakı – APA. 1918-ci ilin mart-aprel aylarında ermənilərin Azərbaycanın bir çox bölgələrində törətdiyi soyqırımın qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində anılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldovada ermənilər tərəfindən qətlə yetirilən on minlərlə insanın ruhu müxtəlif tədbirlərlə yad ediləcək.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk, Vladivostok və digər şəhərlərində 31 mart soyqırımına həsr olunmuş dəyirmi masa və konfranslar keçiriləcək, faciəli hadisələri əks etdirən fotosərgilər təşkil olunacaq və sənədli filmlər nümayiş etdiriləcək.

Martın 30-da Moskvanın “Xudojestvennıy” kinoteatrında tarixçi-ekspertlər, diplomatlar, alimlər, hüquqşünaslar, jurnalistlər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlıları Konqresinin və Rusiya ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Xoca” filminin nümayişi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda xatirə gecəsi təşkil ediləcək. Tədbir Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu və diaspor təşkilatlarının dəstəyi ilə keçiriləcək.

31 mart soyqırımının qurbanları Ukraynanın paytaxtı Kiyevdə də anılacaq. Ukrayna Azərbaycanlıları Konqresinin ofisində keçiriləcək anım mərasimində Ukrayna ictimaiyyətinin təmsilçiləri, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı planlaşdırılır.

Krım Azərbaycan İcması, Ukrayna Azərbaycanlıları Konqresinin Odessa, Dnepropetrovsk, Nikolayev regional bölmələri də 31 mart şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirməyi nəzərdə tutub.

Martın 31-də Belarusun paytaxtı Minskdə Azərbaycanın Belarusdakı səfirliyi və Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə xatirə gecəsi keçiriləcək. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutacaq tədbirə Belarus ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri dəvət olunub.

Martın 31-də Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi də ölkənin paytaxtında analoji anım mərasimi təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR