Mədəniyyət və turizm naziri Mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edib

Mədəniyyət və turizm naziri Mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edib
# 22 iyul 2014 15:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, təbrikdə bildirilir ki, Azərbaycanda milli mətbuatın yaranması tarixinin təntənə ilə qeyd edilməsi artıq bir ənənə halını alıb. Bu ənənə Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ildə verdiyi fərmanla başlayıb, bu günə qədər də uğurla davam etdirilir. Həsən bəy Zərdabi irsi, vicdanlı jurnalistika ənənələri 22 iyul tarixini əsil jurnalistika bayramına çevirib.

Təbrikdə qeyd olunub ki, ötən müddət ərzində Azərbaycan mətbuatı çətin və mürəkkəb mərhələlərdən keçib. Zamanın müxtəlif dönəmlərində ağır sınaqlarla üzləşən milli mətbuatımız bu gün də sürəkli inkişaf yolundadır: “Respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet saytları, xəbər portalları günümüzün informasiya təminatında həlledici rol oynayır. Mədəniyyət və turizm mövzularının daim gündəmdə olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, medianın bu mövzulara bəzi hallarda subyektiv yanaşmasını müşahidə etsək də, ümumən, bu sahənin mətbuatın və cəmiyyətin diqqətində olması bizi sevindirməyə bilməz.
Bu bayram günündə bütün mətbuat işçilərini bir daha Mədəniyyət və Turizm Nazirliyinin kollektivi, mədəniyyət və incəsənət xadimləri və bu sahədə çalışan bütün əməkdaşlar adından bir daha təbrik edir, sizlərə möhkəm can sağlığı, dövlətimizin və xalqımızın firavan sabahları naminə məsul işinizdə yeni-yeni uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR