AMEA ilə İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb

AMEA ilə İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
# 24 fevral 2015 15:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti İsrailə səfər edib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və başqaları daxildir.

İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) rəhbərliyi ilə keçirilən görüş zamanı akademiyanın prezidenti, akademik Rut Arnon 1961-ci ildə Qüdsdə yaradılmış İTHEA-nın tarixi haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, İTHEA İsrailin yüzdən artıq tanınmış alimini bir araya gətirib, eləcə də ölkənin geologiyası, flora və faunasının öyrənilməsi, Talmud, yəhudi fəlsəfəsi, ədəbiyyatı və ivritin araşdırılmasına yönəlmiş layihələri maliyyələşdirir. R.Arnon bildirib ki, İTHEA müxtəlif beynəlxalq layihələrdə iştirak edir, həmçinin Eynşteyn Təqaüd Fonduna rəhbərliyi həyata keçirir.


AMEA-nın prezidenti, akademik Akif Əlizadə öz növbəsində Akademiyanın 70 illik tarixi haqqında geniş məlumat verib. Görüş çərçivəsində İTHEA üzvlərinə Azərbaycanda fundamental elmlərin inkişafı, AMEA-nın strukturu haqqında, eləcə də respublikada elmə və alimlərə göstərilən diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş edilib. Görüş AMEA və İTHEA arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması ilə başa çatıb.


Daha sonra AMEA-nın nümayəndə heyətinin iştirakı ilə İsrailin ən iri elm və təhsil mərkəzi və dünyanın ən yaxşı universitetlərinin siyahısında ilk yüzlüyə daxil olan Qüds Universitetində görüş keçirilib. İsrailin ilk təhsil müəssisəsi olan universitetin vitse-rektoru, doktor Oron Şaqrif ilə görüşən AMEA-nın nümayəndə heyəti, universitetin laboratoriyaları ilə də yaxından tanış olublar.


Səfər çərçivəsində alimlər Qüds şəhərinin görməli yerlərindən olan İbadət dağını, İslam mədəniyyətinə məxsus Qübbətüs-Səhra və əl-Əqsa məscidlərini ziyarət ediblər. AMEA-nın nümayəndə heyətinin İsrailə səfəri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR