Bakıda «Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər» mövzusunda tədbir keçirilib

Bakıda «Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər» mövzusunda tədbir keçirilib
# 30 aprel 2013 09:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər» mövzusunda tədbir keçirilib.


«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini xanım Sevinc Həsənova Bakı ilə yanaşı regionların da simasının günü-gündən dəyişdiyini, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını bildirib və qeyd edib ki, hazırda digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Mənzil Məcəlləsi qəbul edilib.


Nazir müavini onu da bildirib ki, son illər ərzində əhalinin gəlirlərinin əhəmiyyətli dərəcədə artması onların müxtəlif xidmətlərə, o cümlədən mənzil-kommunal sahəsindəki xidmətlərə tələbatını artırıb. S.Həsənova hazırda Azərbaycan əhalisinin 90%-nin artıq qazlaşdırıldığını bildirib və qeyd edib ki, yaxın zamanlarda qazlaşdırma işləri tam başa çatdırılacaq: «Əhalinin içməli su ilə təchizatı istiqamətində də mühüm işlər görülüb və bu işlər yaxın 2-3 il ərzində davam etdiriləcək və əhalinin içməli su ilə təchizatı bir qədər də yaxşılaşdırılacaq».


S.Həsənova həmçinin qeyd edib ki, son 20 il ərzində Azərbaycanda mənzil fondunun ümumi sahəsi 30% artıb. Lakin buna baxmayaraq, mənzil-kommunal sahəsində müəyyən problemlər mövcuddur: «Bu problemləri aradan qaldırmaq üçün 2009-cu ildə Mənzil Məcəlləsi imzalanaraq qüvvəyə minib. Məcəllə özündə bazar iqtisadiyyatı prinsiplərini əks etdirir və burada konkret siyasət müəyyənləşdirilib». Hazırda ölkədə yalnız 18% mənzillərin özəlləşdirilmədiyini bildirən nazir müavini onu da qeyd edib ki, əhalinin özü bu istiqamətdə addım atmalıdır.


Mənzil-kommunal sahəsində idarəetmə məsələsinə toxunan S.Həsənova bildirib ki, hazırda yeni tikilmiş binalarda idarəetmə daha yaxşı təşkil olunub, sovet dövründə inşa olunan binalarda isə idarəetmə bir qədər geridə qalıb.


Nazir müavini yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli idarəetmənin təşkili, təbliğat və maarifləndirmə işlərinin aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri, həmçinin digər məqamlar barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.


Tədbirdə İqtisadi İnkişaf Nazirliyi mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov və Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev mənzil-kommunal sahəsində yeni münasibətlər mövzusunda təqdimatlarla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR