Müsavat Qadınlar Birliyinin sədri: “Elman Fəttah məni hədələdi”

Müsavat Qadınlar Birliyinin sədri: “Elman Fəttah məni hədələdi”
# 21 mart 2015 20:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Antimüsavat fəaliyyətinə görə xəbərdarlıq almış Ellada Məmmədli bundan nəticə çıxartmayıb. Rifah deyilən təşkilatın rəhbərliyində olan şəxslər Müsavat üzvü qalmayacaqlar. Özünə hörmət edənləri istefa verəcək, digərlərinin isə müvafiq strukturlar partiyadan xaric olunmaları məsələsinə baxacaq”.

APA-nın xəbərinə görə, bunu “facebook”da müsavatçıların toplaşdığı qrupda Müsavat başqanının müavini Elman Fəttah yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan partiya üzvlərinə müraciət edib və onları seçim etməyə çağırıb. O deyib ki, müsavatçılar ya partiyada qalmalı, ya da ADR-də təmsil olunmalıdırlar.

Dünən isə Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) keçmiş sədri İbrahim İbrahimli bu çağırışın qanuna və Müsavat Nizamnaməsinə zidd olduğun deyib.

Müsavat Partiyası Qadınlar Birliyinin sədri və ADR İdarə Heyətinin üzvü Ellada Məmmədli isə APA-ya bildirib ki, Müsavat rəhbərliyində təmsil olunanlar qapalı qrupda İbrahim İbrahimlinin cavabını silirlər: “İstər partiyada, istərsə Müsavatın qapalı qrupunda birtərəfli təbliğat aparılır. ADR üzvlərini müsavatçı hesab etmirlər, burda rəyləri, yazıları silinir. Bu mövziyla əlaqədar yazıma cavab olaraq, Elman Fəttah məni hədələdi”.

E. Məmmədli deyib ki, o, bu gün hansı səbəbdən xəbərdarlıq aldığını anlayıb: “Sən demə, mən antimüsavatçı imişəm. Həyatımın 22 ilini partiyaya sərf edəndə niyə antimüsavatçı olmurdum? İndi məhz qrup maraqlarına cavab vermədiyim üçün antimüsavatçıyam? Elman Fəttah mənimlə bağlı səsləndirdiyi ittihamı isbat etməsə, müvafiq strukturlara müraciət edəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR