Türkiyə və Danimarkanın baş nazirləri Petkim Konteyner Limanı layihəsini dəstəkləyiblər

Türkiyə və Danimarkanın baş nazirləri Petkim Konteyner Limanı layihəsini dəstəkləyiblər
# 27 mart 2013 12:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. “SOCAR Turkey” şirkətinin Petkim yarımadasının strateji inkişaf proqramı - “Value Site-2023” çərçivəsində atdığı ən mühüm addımlardan biri olan Petkim Konteyner Limanı layihəsi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və onun danimarkalı həmkarı Helle Thorning-Schmidt tərəfindən dəstəklənib.

«APA-Economics»in məldumatına görə, Kopenhagendə «Petkim Neft-Kimya Holdinqi» və «APM Terminals» şirkəti arasında imzalanmış sazişə həsr olunmuş rəsmi mərasimdə iştirak edən hökumət başçıları bu layihəni Türkiyə-Danimarka iqtisadi münasibətlərində dönüş nöqtəsi adlandırıblar.

“SOCAR Turkey” şirkətinin rəhbəri və «Petkim» İdarə Heyətinin üzvü Kənan Yavuz layihəni Türkiyə, Azərbaycan, Danimarka və Hollandiya arasında əməkdaşlığın mühüm hadisəsi adlandırıb və Türkiyənin xarici ticarətinin inkişafında onun böyük rol oynayacağını qeyd edib. K.Yavuz bu layihəyə qoyulacaq investisiya sayəsində Türkiyənin Əliağa və Nəmrud limanlar bölgəsinin dünyanın ən mühüm logistika mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb.

Xatırladaq ki, ARDNŞ-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinə məxsus limanın idarəçiliyinə dair saziş fevralın 22-də “Petkim”in 100%-li törəmə müəssisəsi olan “Petlim” Limançılıq Ticarət Şirkəti ilə konteyner terminallarının idarəçiliyi sahəsində dünyada lider olan Hollandiyanın «APM Terminals» (APMT) şirkəti arasında imzalanıb. «APMT» şirkəti Danimarkada fəaliyyət göstərən «A.P. Moller-Maersk» qrupuna daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR