Azərbaycanın hərbi prokuroru türkiyəli həmkarı ilə görüşüb

Azərbaycanın hərbi prokuroru türkiyəli həmkarı ilə görüşüb
# 30 sentyabr 2014 12:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ölkəmizdə səfərdə olan türkiyəli həmkarı, general Ahmet Zeki Limanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA - ya verilən məlumata görə, A. Limanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Daha sonra qonaqlar Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən qəbul edilib. Hərbi prokuror son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, hərbi məhkəmələr, hərbi prokurorluq sistemi və onların səlahiyyət dairəsi və fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

A. Liman isə təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi vurğulayıb.

Liman Türkiyə ilə Azərbaycanın müvafiq sturukturları arasındakı münasibətlərin bundan sonra daim inkişaf edəcəyini bildirərək, ölkələrimizin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Türkiyə tərəfinin təmsilçiləri Azərbaycan Hərbi Prokurorluq orqanları ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını, bilik və təcrübələrini bölüşməyə, öz işləri barədə tanışlıq üçün şərait yaratmağa hazır olduqlarını bildiriblər, bu görüşlərin ölkələrimizin Hərbi Prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına bir töhfə olacağına əminliklərini ifadə ediblər. Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkürünü bildirən A. Liman bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini, dost Azərbaycana səfərindən xoş təəssüratlar aldığını vurğulayıb.

X. Vəliyev görüş zamanı həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, əsir düşmüş şəxslərə işgəncə verilməsi, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırıma məruz qaldığını, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığını bildirib.

Nümayəndə heyətinin üzvləri daha sonra Respublika Hərbi Prokurorluqda yaradılmış Memorial Soyqırım muzeyində olublar.

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR