Bank Of Baku

Vüqar Rəhimzadə: “Xalqımız son 15 ildə görülən işlərə yüksək qiymət verib”

Vüqar Rəhimzadə: “Xalqımız son 15  ildə görülən işlərə yüksək qiymət verib”
# 19 aprel 2018 17:35 (UTC +04:00)

“Aprelin 11-də keçirilən prezident seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi”.

 

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

 

V. Rəhimzadə deyib ki, xalqımız son 15  ildə görülən işlərə öz yüksək qiymətini verib: “Bu müddətdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq  hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər. Ərazi baxımından kiçik olan bir dövlətin bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətində olması, ən əsası inkişafın Azərbaycan modelindən bəhs edilməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir.  Prezident seçkilərində xalqımızın fəal iştirakı, YAP-ın namizədi İlham Əliyevə dəstəyi görülən işlərə verilən yüksək qiymət qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə  dəstək kimi  də dəyərləndirilir.”

 

V. Rəhimzadə ədalətli və şəffaf şəkildə keçirilən prezident seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb: “Xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda Azərbaycan yeni-yeni hədəflərə nail olmaqla inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyinin reallığa çevrilməsinə yol açır.”

 

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, son 15 ildə sabitliyin, təhlükəsizliyin təminatı əsas məsələ kimi öndə olub: “Sabitlik olmadan hansısa inkişafdan söhbət gedə bilməz. Bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə sabitlik faktorunun nə kimi rola malik olduğu daha aydın görünür. Məhz bu sabitliyin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi  231 milyard dollardan artıqdır. Azərbaycanın bu gününə və gələcəyinə inamdan irəli gələn  bu addım eyni zamanda, həyata keçirilən siyasətə dəstəkdir”.

 

 

V. Rəhimzadə bildirib ki, son 15 ildə demokratik  təsisatların inkişafı istiqamətində atılan addımlar da təqdirəlayiqdir: “Dövlət siyasətinin əsasını təşkil edən insan hüquq və azadlıqlarının təminatı, azad mətbuatın inkişafı, siyasi partiyaların normal fəaliyyəti ilə üçün yaradılan əlverişli şərait, eyni zamanda seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi  istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir.  Konstitusiyamıza son 15 ildə  iki dəfə əlavə və dəyişikliyin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi, cəmiyyətin idarə olunmasında əsas rola malik olan qanunlarımızın təkmilləşdirilməsi insan amilinə verilən dəyərin təsdiqidir. Dövlət başçısı İlham Əliyevin sərəncamlarına uyğun olaraq jurnalistlər üçün artıq iki bina tikilib istifadəyə verilib, üçüncü binanın təməli qoyulub. Prezident İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi, eyni zamanda bu sənədə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında  KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad mətbuatın inkişafına xidmət edən addımlar sırasındadır”.

 

“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. V. Rəhimzadə bildirib ki, bu gün həll olunmamış yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Son 15 ildə əldə etdiyimiz diplomatik uğurlar, ordumuzun artan gücü və qüdrəti bu problemimizin də yaxın vaxtlarda öz ədalətli həllini tapacağına böyük əminlik yaradır.  2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cocuq Mərcanlıya qayıdış  işğal altında olan bütün torpaqlarımıza Böyük Qayıdışa əminliyi daha da artırdı”.

 

Baş redaktor əlavə edib ki, fəaliyyətində bu hədəfləri əsas tutan YAP 11 aprel prezident seçkilərində İlham Əliyevin qələbəsi ilə bir daha qələbələr partiyası olduğunu təsdiqləyib: “Müstəqil Azərbaycanımızın hər uğurunda öz payı olan YAP özünün əvəzolunmaz sədri, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana növbəti 7 ilin hədəflərinə öz töhfəsini verməklə uğur səhifələrini daha da zənginləşdirəcək.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR