Türkiyə mətbuatı Xocalı soyqırımının 20-ci ildönümünə geniş yer ayırıb

Türkiyə mətbuatı Xocalı soyqırımının 20-ci ildönümünə geniş yer ayırıb
# 26 fevral 2012 10:32 (UTC +04:00)
APA-nın məlumatına görə, dünən və bu gün Türkiyənin nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, internet saytları, eləcə də qardaş ölkənin müxtəlif əyalətlərində yayımlanan mətbuat orqanları və internet saytlarında Xocalı soyqırımı ilə bağlı çoxsaylı xəbər və köşə yazıları dərc olunub.

Türkiyənin nüfuzlu «Sabah» qəzeti bugünkü sayında «Haydı Taksimə!!!» başlıqlı xəbər yayımlayıb. Bu xəbərdə Xocalı qətliamı və onun acı nəticələri, ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdiyi qətliamlar xatırlanıb: «Dünya bu işğalı qəbul etmir, amma Ermənistan hələ o torpaqlardadır. Beynəlxalq ictimaiyyətdə davamlı olaraq erməni diasporunun tələblərini eşidir, onlara cavab verməyə çalışırıq. 1915-ci ildəki hadisələrin böyük bir faciə olduğu ortada, hətta istəsəniz soyqırımı da deyə bilərsiniz. Bəs Xocalıya nə deyək? Üstəlik, unutmayaq ki, Xocalı qırğınını həyata keçirən erməni birliklərinin başında bugünkü Ermənistan prezidenti Sarkisyan dayanıb».

«Sabah» qəzetində müəllif Hasan Cəlal Püzelin «Bir insanlık dramı: Hocalı Soykırımı» adlı köşə yazısında Qarabağ münaqişəsi və Xocalı faciəsi detallı şəkildə anladılıb. Xocalı soyqırımı 20-ci əsrdə insanlığa qarşı törədilmiş ən böyük soyqırımı kimi təqdim olunub: «26 fevral tarixi yalnız Türk dünyasının və Azərbaycanın ən kədərli günlərindən biri deyil, eyni zamanda insanlıq tarixinin ən acımasız səhifələrindəndir». Müəllif yazısında Türkiyənin o zamankı hökumətinin Xocalı faciəsini soyqırımı kimi tanımamasını tənqid edib.

«Milliyət» qəzetinin yazarı Semih İdiz «Xocalı qətliamı» adlı yazısında Xocalı müsibətlərini qələmə alıb. Yazıda aralarında «Human Rights Watch» beynəlxalq təşkilatların da yer aldığı bir çox insan haqları təşkilatlarının Xocalıda baş verənləri qeydə aldığı bildirilib. Müəllif Xocalı qətliamının başında dayananlardan birinin Ermənistan prezidenti Serj Sarkisyanın olduğunu da yazıb, Sarkisyanın ingilis jurnalist Tomas De Vaala müsahibəsindən sitat gətirib: «Xocalıdan əvvəl azərbaycanlılar bizim zarafat etdiyimizə inanırdılar. Biz ermənilərin dinc xalqa qarşı əl qaldıra bilməyəcəyimizi düşünürdülər. O sabit dünyagörüşünü qırmağı bacardıq. Olan da bu idi. Təbii orada Bakı və Sumqayıtdan qaçan gənclərin olduğunu da hesaba qatmaq lazımdır». Müəllif Xocalıda baş verənləri təsdiqləyən digər şəxsin isə Qarabağ müharibəsində öldürülmüş ASALA terrorçusu Monte Melkonyanın qardaşı Marker Melkonyan olduğunu xatırladıb.
S. İdiz 1992-ci il fevralın 26-da Bakıda olarkən söhbət etdiyi hadisə şahidi «The Times»-ın müxbiri, ingilis jurnalist Anatoli Lievenin də hadisəni ermənilərin törətdiyini söylədiyini yazısında qeyd edib.

Türkiyənin «Zaman» qəzeti «Xocalı qətliamı “Taksim”də anılacaq» başlığı altında xəbər yayımlayıb. Xəbərdə Xocalı faciəsi və orada ermənilər tərəfindən azərbaycanlıların başına gətirilmiş müsibətlər anladılıb. Xocalı faciəsi «Qafqazın Srebrenitsası» kimi təqdim olunub.

«Zaman» qəzetin bugünkü sayında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun «Gerçek bir soykırım: Hocalı Katliamı» başlıqlı məqaləsini də yayımlanıb. Səfirin məqaləsində Xocalı soyqırımı, onun nəticələri barədə detallı məlumatlar verilib, ermənilərin dinc insanlara qarşı yürütdüyü terror siyasətinin iç üzü göstərilib.

«Star» qəzeti isə bugünkü sayında «Xocalı 20 ildir qanayır» adlı xəbər dərc edib. Xəbərdə soyqırımını anım mərasiminin bu gün Türkiyə də daxil olmaqla, dünyanın müxtəlif ölkələrində keçirildiyi qeyd olunub. «Star» qəzetində həmçinin azərbaycanlı jurnalist Sevil Nuriyevanın «Azərbaycanın 20 yaşlı çiləsi» başlıqlı köşə yazısı da yayımlanıb. Müəllif yazısında Xocalı soyqırımını detallı şəkildə türkiyəli oxuculara anladıb.

«Bugün Gazetesi»ndə Vedat Bilgin imzası ilə yayımlanan «Qarabağın torpağı üşüyür» başlıqlı köşə yazısında da Xocalı faciəsi ətraflı şəkildə anladılıb: «Qarabağın işğalının üzərindən 20 il keçdikdən sonra beynəlxalq ictimaiyyətin Ermənistan və Türkiyə münasibətlərini 1915-ci illə əlaqələndirərək yenidən tənzimləməyə çalışması, əslində problemin təməlini ortaya qoymaqdadır. Türklərin başına nə gəlirsə gəlsin, dünya ictimaiyyətinin rəftarı açıqdır. Hətta bu günlərdə Sarkozi «Qarabağda işğal var deyəni, Xocalıda qırğın olmuş» deyəni də cəzalandırmaq üçün yeni bir qanun təklifi versə, Qərb ictimaiyyəti baxımından sürpriz sayılmaz».

Qeyd edək ki, Xocalı soyqırımına həsr olunmuş yazılara «CNN Türk», «Timetürk», «Haberler», «Dünya bülleteni» və s. internet portallarında da geniş yer verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR