Beynəlxalq Muzeylər Gününə və «Eurovision-2012» mahnı müsabiqəsinə həsr olunmuş sərgi təşkil olunub

Beynəlxalq Muzeylər Gününə və «Eurovision-2012» mahnı müsabiqəsinə həsr olunmuş sərgi təşkil olunub
# 18 may 2012 00:44 (UTC +04:00)
Bakı-APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 18 May – Beynəlxalq Muzeylər Gününə və «Eurovision-2012» mahnı müsabiqəsinə həsr olunmuş sərgi təşkil olunub.
İstiqlal Muzeyindən APA-ya verilən xəbərə görə, sərginin təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi və Qərb Universitetidir.
Bildirilir ki, hər il mayın 18-də dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında təsis olunub və 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Bu il Muzeylər Günü ölkəmizin mədəni həyatında ən mühüm hadisə olan Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ilə üst-üstə düşür.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunmuş sərgi “Eurovision-2012” qədim odlar diayrında» adlanır və bu sərginin müəllifləri müstəqil Azərbaycanımızla həmyaşıd olan 20 yaşlı rəssamlardır. Sərginin əsas iştirakçıları Qərb Universitetinin dizayn fakültəsinin tələbələridir. Sərgidə 70-dən çox müxtəlif əsərlər nümayiş olunur.
Sərgi ilə bağlı keçirəcək tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Qərb Universitetinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri və başqaları çıxış edəcəklər.
Tədbirdə Bakı şəhəri məktəblərinin şagirdləri, Qərb Universitetinin, Rəssamlıq Akademiyasının tələbələri, gənc rəssamlar və digər qonaqlar iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR