Rusiya prezidenti: “Pussy Riot” rok qrupunun üzvləri Qafqazda hər hansı bir müsəlman müqəddəsini təhqir etsəydilər, onları müdafiə etməyə belə çatmazdıq”

Rusiya prezidenti: “Pussy Riot” rok qrupunun üzvləri Qafqazda hər hansı bir müsəlman müqəddəsini təhqir etsəydilər, onları müdafiə etməyə belə çatmazdıq”
# 03 avqust 2012 10:24 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin bu ilin fevralında Moskvadakı “Xilasedici İsa Kilsəsi”nə (“Xram Kresta Spasatelya”) girərək mahnı ifa edən və bu səbəbdən həbs olunan qızlardan ibarət “Pussy Riot” rok qrupunu tənqid edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin bildirib ki, məhkəmələri davam edən qrup üzvlərinə çox sərt cəza verilməməlidir: “Bu hadisənin danışılacaq və müzakirə olunacaq tərəfi yoxdur. Buna baxmayaraq, onların sərt bir şəkildə mühakimə olunmalarının gərəkdiyini düşünmürəm. Ümid edirəm ki, onlar özləri etdiyi hərəkətlərdən nəticə çıxaracaqlar. Hazırda məhkəmə prosesi gedir və haqlı qərar çıxacağına ümid edirəm”.

V. Putin bildirib ki, “Pussy Riot” rok qrupunun üzvləri Moskvada kilsədə elədikləri hərəkəti başqa bir ölkədə etsəydilər, onlara qarşı daha sərt tədbir görülərdi: “Təsəvvür edin ki, İsraildə belə bir hərəkət edilib. Onları heç kim qurtara bilməzdi. Çox uzağa getməyək. Qafqazda belə bir hərəkət edilsəydi, hər hansı bir müsəlman müqəddəsi təhqir olunsaydı, biz onları müdafiə etməyə belə çatmazdıq”.

Qeyd edək ki, “Pussy Riot” rok qrupunun üzvləri Nadejda Tolokonnikova, Mariya Alyoxina və Yekaterina Samutseviç fevral ayında həbs olunublar. Məhkəmədə onlara qarşı sürülən ittiham sübuta yetiriləcəyi təqdirdə qrup üzvlərinin 7 ilə qədər həbs cəzası gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR