Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edəcək
# 02 iyul 2012 15:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclis (MM) sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun XXI yay sessiyasında iştirak etmək üçün iyulun 3-də Monako Knyazlığının Monako-Vill şəhərinə səfər edəcək. Bu barədə APA-ya MM-in mətbuat xidmətindən məlumat verilib. Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.

Sessiyada “ATƏT: dəyişən bölgə” mövzusunda çıxışlar dinləniləcək. Tədbirdə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmorun, təşkilatın Parlament Assambleyasının sədri Petros Eftimiunun və digər rəsmilərin çıxışları gözlənilir.

Sessiya çərçivəsində qurumun Daimi Komitəsinin və Bürosunun, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin iclasları keçiriləcək. İclaslarda ATƏT regionunda təhlükəsizliyin gücləndirilməsi, quruma üzv dövlətlərdə seçkiləri müşahidə prosesinin təkmilləşdirilməsi, qərarların qəbulunda qadınların bərabər iştirakı, su ehtiyatlarından istifadə sahəsində təcrübə mübadiləsi, yeni və bərpa olunan enerji mənbələrinin istismarı, ATƏT regionunda hərəkət azadlığı, Əfqanıstanla əməkdaşlığın inkişafı, İranın nüvə proqramı, Gürcüstanda vəziyyət və digər məsələlər haqda müzakirələr aparılacaq. Sessiya çərçivəsində qurumun dəyişən bölgədə Aralıq dənizi tərəfdaşlığına həsr olunmuş forumu keçiriləcək. Nümayəndə heyətinin üzvləri sessiya zamanı keçirilən tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər iyulun 10-da başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR