Bir qrup Azərbaycan yazıçısı Təbriz yazıçılarına müraciət edib

Bir qrup Azərbaycan yazıçısı Təbriz yazıçılarına müraciət edib
# 06 iyul 2012 08:22 (UTC +04:00)
Bakı – APA. Bir qrup Azərbaycan yazıçısı İranda həbs olunan Azərbaycan şairlərinin azad edilməsi ilə bağlı Təbriz yazıçılarına müraciət edib. APA-nın xəbərinə görə, müraciətdə deyilir:
“Əziz qələm dostlarımız və qardaşlarımız! Artıq üç aydır ki, Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadə Təbrizdə heç bir əsas olmadan həbs olunaraq saxlanılır. Biz bu gəncləri yaxşı tanıyırıq və onların hər hansı bir casusluqla, yaxud narkotiklə məşğul olmalarına da inanmırıq. Bu gənclər Azərbaycanın istedadlı gəncləridir, onların taleyi bizi çox narahat edir. Biz təbrizli qələm dostlarımızı, qardaşlarımızı oraya xoş məramla poeziya festivalına getmiş Fərid Hüseynlə Şəhriyar Hacızadənin taleyinə biganə qalmamağa çağırır, onların hüquqlarının qorunması uğrunda mübarizəyə qoşulmağa səsləyirik. İnanırıq ki, siz də Azərbaycan şairlərinin azadlığa buraxılmasında bütün səy və bacarıqlarınızı əsirgəməyəcək, şəxsi və ictimai əlaqələrinizdən istifadə edərək İran hökumətindən gənc qələm dostlarımızın hüquqlarını bərpa etməyi, onların azad edilib dərhal Azərbaycana dönməsini tələb edəcəksiniz. Biz İranın sağlam düşüncəli, saf əqidəli ziyalılarına inanır və ümid edirik ki, bizim haqq səsimizə və çağırışımıza hay verəcəklər”.

Müraciəti Əlabbas, Kamran Nəzirli, Yaşar, Saday Budaqlı, Salam Sarvan, Aslan Quliyev, Kəmalə Abiyeva, Fəxri Uğurlu, Aqşin, Aysel Əlizadə, Eyvaz Zeynalov, Nəriman Əbdülrəhmanlı, Azad Qaradərəli, Natiq Məmmədli, Avdı Qoşqar, Əhməd Oğuz, Mahmud Vəli imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR