Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında çıxış edib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında çıxış edib
# 22 fevral 2012 11:52 (UTC +04:00)
APA-nın müxbirinin Nyu-Yorkdan verdiyi xəbərə görə, səfir bildirib ki, Qərbi Afrikada və Sahil bölgəsində terrorçuluq və separatçılıq fəaliyyətinin artması, silahlı qrupların zorakılığı, silahların qanunsuz yayılması Azərbaycanı ciddi narahat edir. A. Mehdiyev deyib ki, getdikcə artan transmilli təhlükələr Qərbi Afrikada və Sahil bölgəsində idarəçiliyə, iqtisadi inkişafa, sabitliyə və sülhyaratma fəaliyyətlərinə mane olur: “Region ölkələri keçmişdən qalma problemləri həll etməyə çalışdığı bir vaxtda bu cür təhlükələrin mövcud olması ciddi narahatlıq doğurur. Ümumi problemlərin həlli istiqamətində region ölkələrinin əməkdaşlığının beynəlxalq hüquqa əsaslanması vacibdir”.

A. Mehdiyevin sözlərinə görə, digər bir problem dəniz quldurluğunun artması ilə bağlıdır və bu problem region ölkələrinin və təşkilatlarının birgə səyləri və beynəlxalq birliyin dəstəyi ilə həll olunmalıdır: “Son aylarda Qvineya Körfəzində dəniz quldurlarının hücumları artaraq, sülhü və sabitliyi, ətraf ölkələrin sosial-iqtisadi inkişafını təhlükə altında qoyub”.

Diplomat icmalar və dinlər arası dialoqun dəstəklənməsini də vacib sayıb. Azərbaycan hesab edir ki, bu dialoqlar regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün göstərilən səyləri daha da gücləndirəcək.

Yekunda A. Mehdiyev bəyan edib ki, transmilli cinayətkarlığın qarşısı yalnız ölkələrin əlaqəli əməkdaşlığı ilə alına bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR