Mübariz Əhmədoğlu: “İranın Azərbaycan qarşı münasibətində müsbət dəyişikliyə hələlik ümid etmək olar”

Mübariz Əhmədoğlu: “İranın Azərbaycan qarşı münasibətində müsbət  dəyişikliyə hələlik ümid etmək olar”
# 22 oktyabr 2012 10:27 (UTC +04:00)
Bakı-APA. “İranın Azərbaycan Respublikasına qarşı münasibətinin dəyişdirməsi faktdır. Bu müsbət dəyişikliklərin özü də mərhələlərlə baş verir. Müsbət dəyişmələr haqqında İran tərəfi bəzən danışır, bəzən də geri çəkilir”.

APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur. Onun sözlərinə görə, əvvəllər İranın apardığı qatı antiazərbaycan siyasəti fonunda indi baş verənlər çox vacib və təqdirə layiqdir: “Bizim İrana qarşı dinc qonşuluq münasibətimiz dəyişməyib və dəyişməli heç nə yoxdur, lakin İranın Azərbaycana qarşı dəyişən siyasətini dəyərləndirməliyik.

Yeni səfir Möhsin Pak Ayin barışdırıcı imicə malik diplomatdır. İran təkcə Azərbaycanda şuluqluqla məşğul olmayıb; vaxtilə digər dövlətlərdə, o cümlədən Zambiya və Tailanda da özü üçün problemlər yaradıb. Hətta iş o həddə çatdı ki, Zambiya İran səfirini qovdu. Məhz belə bir dövrdə səfir təyin olunan Pak Ayin Zambiya-İran münasibətlərini normallaşdıra bildi. Tailandla olan problemlər bu qədər kəskin olmasa da, bənzər hadisə baş vermişdir. İran-Özbəkistan münasibətləri sərt tarixə malik münasibətlərdir və bu tarix hər iki ölkədə istənilən tərəfə yozula bilir. Müstəqillik dövründə də Özbəkistanın İranla münasibətlərində problemli vaxtı oldu. Möhsin Pak Ayin Özbəkistan rəhbərliyinin arzularını reallaşdırmaqla, Özbəkistanın tarixi haqqında kitablar yazdırmaqla, İslam Kərimovun əsərlərini fars dilinə tərcümə etdirməklə və digər addımlarla ölkələrarası münasibətlərdə gərginliyi yumşaltdı. İndi bu şəxs Azərbaycanda səfirdir və dini liderin dəftərxanasında möhkəm dayağa malikdir. Möhsin Pak Ayinin barışdırıcı xasiyyətinin dəyişəcəyinə inanmırıq; bizdə də həmin siyasəti aparacaqdır. Amma Azərbaycan İran üçün Özbəkistan, Zambiya və ya Tailand deyildir. Hər üç dövlətə qarşı İranın siyasəti birsəsli idi. İranın Azərbaycan Respublikasına qarşı siyasəti isə minimum üçsəslidir. İran prezidenti Azərbaycan Respublikasına qarşı bir siyasət, ali dini liderin ətrafı isə tamam fərqli siyasət aparırlar. Vahid Azərbaycan xofu İranda həm dini liderin, həm də prezidentin administrasiyasında istənilən istiqaməti yarada bilər. İranın bizim ölkədə Livandakı “Hizbullah”a bənzər baza yaratmağa yönəlik səylərini dayandırmaq çox müşkül olacaq. Qapını bağlayırsan, pəncərədən girir, pəncərəni bağlayırsan özünü nəfəslikdən dürtür.

Möhsin Pak Ayinin işlərinə uğurlar arzulamaqdan başqa məqsədimiz yoxdur. Möhsin Pak Ayini bu üç səsi vahid siyasi xəttə çevirərsə, çox ciddi uğur əldə etmiş olar.

Hətta ən arzuolunan odur ki, Möhsin Pak Ayini İranın Azərbaycan Respublikası ilə əlaqəli siyasətini bünövrədən qursun, çünki ona kimi İranın Azərbaycana göndərdiyi insanların hamısında, xüsusilə də iş adamlarında problem var. Yeni səfir İranın Azərbaycandakı iş adamlarını təmizləməlidir. İranlı iş adamları heç bir zaman siyasətə qoşulmayacaqlarını, dini nümayişlərlə məşğul olmayacaqlarını öhdəlik kimi götürməlidirlər.

Möhsin Pak Ayin nəzərə almalıdır ki, İran İslam Respublikası normal vətəndaş tərbiyəsi onun mənəviyyatla bağlı ambisiyalarına uyğun deyil. Türkiyədə, digər Avropa dövlətlərində İrana qarşı etiraz edənlərin böyük əksəri fars mənşəli İran vətəndaşlarıdır. Ermənistandakı İran vətəndaşları Azərbaycan torpaqlarının işğal altında qalması üçün Ermənistana hər cür yardım etməyə hazır olduqlarını bəyan ediblər. İran dövlətinin tərbiyə etdiyi vətəndaş Ermənistanda araq-çaxır satan, əxlaqsız qızlar nümayiş olunan kafe-bar biznesi ilə məşğuldurlar, pul qazanıb İrana göndərirlər və belə antiazərbaycan bəyanatlar verirlər.

Ona görə də Pak Ayininin başladığı işə dəstək verməyi indi daha vacib hesab edirik, çünki onun missiyası indiki qədər mürəkkəb olmayıb.

“İran zəiflədiyi dövrdə Azərbaycan Respublikası ilə düşmənçiliyi dayandırsın, gücləndikdən sonra yenidən düşmənçilik siyasəti aparsın” tipli fikir sahibləri indi İranda tapıla bilər. Belə fikir sahibləri yanılırlar. Biz bu vaxta kimi güclü İranın da, zəif İranın da qarşısında tək dayanmışıq. O zaman da İranın qarşısında tək dayanacağıq. Gücümüz çatmazsa, indikindən dərs çıxardaraq, İranın düşmənləri ilə dost ola bilərik. İran nədən kasıb olsa da, nədə uğur qazanmasa da düşmən qazanmaq işini çox əla bacarır və düşmənlərdən boldur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR